Satqınlığın Əli Kərimli “etalon”u və ya xainlərin “kredo”su dəyişmir

Xalqı radikallığa çağıran, Azərbaycana qarşı xarici kəşfiyyat orqanlarının tapşırığı ilə açıqdan-açığa təxribat aparan Xalq Cəbhəsi Partiyasının (AXCP) cəmiyyət tərəfindən qəbul edilməyən qanadının başçısı Əli Kərimli sosial şəbəkələrdə ölkəmiz əleyhinə qarayaxma kampaniyasını genişləndirib.

Demokratiyadan, korrupsiyadan, düzgünlükdən dəm vuran Kərimli, AXC-Müsavat hakimiyyəti dövründə tutduğu yüksək vəzifələrdən sui-istifadə edərək korrupsiya yolu ilə milyonlarla dollar vəsait əldə edib. Həmin illərdə ölkə daxilində hökm sürən hərc-mərclikdən öz məqsədləri üçün istifadə edən Kərimli və onun hakimiyyət strukturlarına sızdırdığı bandit dəstəsi onlarla iri sənaye müəssisəsinin talan edilərək, dəzgahlarını və digər avadanlıqlarını İrana və Türkiyəyə satıb.

Bu haqda həmin müəssisələrin veteran işçilərində kifayət qədər faktlar var. Əli Kərimli və onun xalq hərəkatının daxilinə parazit kimi yerləşmiş şəbəkəsi AXC-Müsavat hakimiyyətinin iflasından sonra da öz destruktiv fəaliyyətlərini dayandırmadılar. Hakimiyyətdə olduqları zaman və daha sonra Elçibəy Naxçıvanda olduğu vaxtda da Əli Kərimli tutduğu AXCP sədrinin müavini postundan sui-istiofadə edərək, Azərbaycanda maraqları olan xarici qüvvələrlə möhkəm əlaqələr qurmağı bacardı.

Kərimlinin bu xəyanətini öncədən bilən Elçibəy Bakıya qayıtdıqdan sonra rəsmən onu yaxın adamlarının siyahısından sildi. AXCP-nin “klassiklər” qanadına tam etimad göstərən Elçibəy sona qədər Əli Kərimliyə etibar etmədi və onu son nəfəsinə qədər bağılşlamadı. Elçibəyə yaxın olan şəxslərin dediklərinə əsaslansaq, Əbülfəz bəy AXC hakimiyyətinin iflasının əsas səbəbi kimi həmişə Əli Kərimli və onun gizli “Yurd” qruplaşmasını göstərərək, onların hərəkatı və Azərbaycanı dağıtmaq üçün düşmən ölkələr tərəfindən idarə olunduqlarını deyib.

Əli Kərimli gənc vaxtlarından hərəkata nə üçün qoşulduğunu və onun qarşısına hansı tapşırığın qoyulduğunu sonrakı fəaliyyəti ilə hamıya göstərdi. Deməli, bütün dövrlər üçün Kərimlinin qarşısına qoyulmuş tapşırıq ancaq və ancaq dağıtmaq, badalaq vurmaq, xəyanət toxumu səpmək və xaos yaratmaqdan ibarət olub. AXCP sədri bunu həm hərəkatın daxilində, həm də ölkə miqyasında çox böyük ustalıqla həyata keçirdiyindən, xaricdəki şər ocaqları hələ də ona “stavka” etməkdə davam edirlər.

Daha sonra bütün xalq hərəkatını və siyasi ideologiyasını bir deputat mandatına satan Əli Kərimli öz destruktiv fəaliyyətini Milli Məclisin divarları arasına daşıdı. Ardınca isə vətənə xəyanatdə, korrupsiyada, satqınlıqda və digər cinayət əməllərində təqsirləndirilən şəxslərin “siyasi məhbus” statusu alması üçün xaricdəki əlaqələrini işə salaraq, ölkədə yeni “biznes növü”nün əsasını qoydu.

Nəzarətində olan “Azadlıq” qəzetinin “media dəstəyi” ilə cinayətkarları xarici təşkilatlara “siyasi məhbus”, “vicdan əsiri” kimi sırıyan Əli Kərimli bu şəxslərdən rüşvət alaraq, külli miqdarda pullar qazandı. Vaxtıilə adı ölkədəki ən böyük korrupsiya qalmaqallarında hallanan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxınlarından yüz minlərlə dollar rüşvət alan Əli Kərimli onun adını bir neçə xarici təşkilatın “siyasi məhbus” siyahısına saldırmışdı.

Əli Kərimlinin qeyri-qanunu əməlləri bu sadalananlarla bitmir və son zamanlar artıq “miqrant problemi” ilə baş-başa qalan Avropa ölkələri postsovet respublikalarından gələn miqrantların sayının artmasına görə bu dövlətlərdəki müxalif siyasi təşkilatları ittiham etməyə başlayıblar.

“İnterpol”un apardığı araşdırmalar nəticəsində məlum oldu ki, müxalif funksionerlərin köməyi ilə hər il postsovet məkanından minlərlə qanunsuz miqrant Avropada sığınacaq almaq üçün “Köhnə dünya”ya üz tutur. Onların 99 faizindən çoxunun, ümumiyyətlə, siyasi mənsubiyyəti yoxdur və əllərindəki partiya biletlərini sadəcə “siyasi məhbus” statusu almaq üçün əldə ediblər.

Aparılan araşdırmalar göstərdi ki, Azərbaycanda qanunsuz “miqrant biznesi”nin başında məhz Əli Kərimli durur. İndi isə bir icazəsiz mitinqin iflasa uğradığını görəndən sonra, canfəşanlıqla anonsunu verdiyini ikinci qanunsuz aksiyanı təxirə salan Əli Kərimli ona verilən qrantların kəsilməməsi üçün yeni metodlar və variantlar axtarışındadır.

Bu yolda onun üçün dövlət, millət, xalq və digər müqəddəs anlayışlar və məfhumlar arxa plandadır.

Axı satqınların əqidəsi olmur!

COP29