“Savaşın gedişində “Human Rights Watch” əməkdaşlarını ölkəyə dəvət etsək də, onlar gəlmədilər” – Politoloq

“Ermənistan Gəncə, Bərdə və Mingəçeviri raket atəşinə tutanda, bu təşkilat həmin dəhşətlərə göz yumdu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Human Rights Watch” insan haqları təşkilatının Ermənistanın hərbi cinayətlərini əks etdirən heabat yayımlamasına münasibət bildirən keçmiş dövlət katibi Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe ilə tanınan bir beynəlxalq təşkilatın hesabatında ölkəmiz haqqında obyektiv məqamların yer alması müsbət haldır:

“Ermənistan Gəncəyə, Bərdəyə, Mingəçevirə raket atarkən, bu təşkilat həmin dəhşətlərə göz yumdu. Qeyd olunmalıdır ki, ermənilər Azərbaycanın cəbhə zonasından 50-70 kilometr məsafədə yerləşən şəhərlərimizi “İskəndər” raketi ilə atəşə tutanda, günahsız insanlarımızı qanlarına boyayanda, “Human Rights Watch” Azərbaycanın əleyhinə işləməklə məşğul idi.

Ermənilərin törətdiyi hərbi cinayətləri yerindəcə görüb-araşdırmaları üçün o təşkilatı rəsmi qaydada ölkəmizə dəvət etsək də, onlar bunu qəbul etmədilər. Ancaq üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistanın cinayətlərini əks etdirən belə bir hesabat hazırlamaları özlüyündə müsbət haldır. Gecikmiş olsa da, bunu etdilər və Ermənistanın məlum cinayətlərini dünyaya göstərdilər”.

Aqil Bəkir