“Saxta dərmanlar satan apteklərin lisenziyası ləğv olunmalıdır” – Musa Quliyev

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısının saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən məhsulun mənşəyi məlum deyil, o saxtadır.

“Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev saxta dərmanların satışının qanunlara zidd olduğunu deyib. O, bildirib ki, bu cür satışı həyata keçirən şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Ölkədə dərman çeşidlərinin sayı nə qədər çox olsa, seçim imkanlarımız da bir o qədər geniş olar. Ümumiyyətlə, apteklərdə Səhiyyə Nazirliyinin qeydiyyatından keçməyən dərmanların ölkəyə gətirilməsi və satışı qadağandır. Bu qaydaları pozan şəxslərə qarşı da inzibati və cinayət məsuliyyəti tətbiq edilməlidir. Bununla yanaşı dərmanın keyfiyyətinə də ciddi şəkildə nəzarət edilməlidir.

Bəzi hallarda apteklərdə bioloji aktiv maddələri də dərman adı ilə təqdim edirlər. Dərman vasitələri xüsusi reseptlə satılmalıdır. Məsələ ilə bağlı cərimələr tətbiq olunmalıdır. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu cür vəziyyətlərin qarşısının alınması üçün xüsusi tədbirlər görəcək və yoxlamalar aparacaq.

Həmçinin, bu cür saxta dərmanların hansı ölkəyə və şirkətə məxsusluğu, digər ikinci ölkəyə necə daxil olması araşdırılmalıdır. Bundan sonra isə həmin satışı həyata keçirən apteklərin lisenziyalarının ləğv olunması məsələsinə baxılmalıdır. Onu gətirib aptekə təhvil verən və satan şəxsə qarşı da cinayət işinin qaldırılması ilə bağlı dövlət orqanlarına müraciət göndərilməlidir”.

Elvin Paşazadə

COP29