!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta diplom iddiasına Ərdoğanın tələbə yoldaşı son nöqtəni qoydu

!Reklam – Yazi

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra bir qrup muxalif sosial mediada tez-tez Ərdoğanın diplomunun saxta olduğu barədə iddialarla çıxış etməyə başlayıb.

“Ərdoğanın diplomu saxtadır” iddiasına prezidentin tələbə yoldaşı Rəfael Sadi məktubla cavab verib. Bu iddianın yenidən ortaya atılması Ərdoğanın tələbə yoldaşı Rəfael Sadini hiddətləndirib. Sadi, “Bu zamana qədər susdum, amma artıq tələbə yoldaşım barədə danışmaq vaxtı gəlib” deyərək məktub qələmə alıb.

Yeniçağ.Az həmin məktubun mətnini təqdim edir:

“Yer: İstanbul

İl: 1974-1978, hətta 1981-ci ilə qədər

Ünvan: Gürani küçəsi Vətən məhəlləsini Topkapı bölgəsi ilə birləşdirən küçə. Nömrəni xatırlamıram. Küçədəki vacib məkanlar: Topkapının qurtaracağında “Anka oteli”, küçənin ortasında hər universitetin yaxınlığında mövcud olan “Platin bilyard salonu”…

Qapının düz qarşısında isə: Gürani taksi dayanacağı…

Adı: Aksaray İqtisadiyyat və Ticarət Ali Məktəbi

2569 qeydiyyat nömrəsi ilə daxil olduğum ali məktəbdir. Bildiyim qədərilə prezident məndən bir neçə yüz tələbə əvvəl 2400-lə başlayan bir qeydiyyat nömrəsi ilə daxil olmuşdu. Yəni bəzi yazarların sırf qarşı çıxmaq üçün “bu adamın universitet həyatı olmayıb” kimi yalanları qəbul edə bilmirəm. Bəli, mən də Ərdoğanın xarici siyasətinə, İsrail ilə mübahisə etməsinə, Fələstin məsələsindən seçkidə istifadə edərək yəhudi düşmənçiliyi ilə səs toplamasına qarşıyam. Ancaq buna görə bildiyim həqiqətləri gizlədə və ya təhrif edə bilmərəm, nə də kiminsə bunları təhrif etməsinə icazə vermərəm.

Tayyib bəylə düz dörd il, hətta daha artıq zamanda bir auditoriyada təhsil aldıq. Məzun olduq mu? Xeyr, mən olmadım, ola bilmədim, çünki çörəkpulu dərdindəydim və 4-cü kursda 3 dərsdən kəsrim olduğu üçün diplom ala bilmədim. Ancaq Tayyib diplom aldımı, almadımı bilmirəm. Mətbuatda bir neçə dəfə diplom yayımlandı, bəziləri də bu diplomun saxta olduğunu sübut etməyə çalışdı.

Məktəbin tarixçəsi

Ali məktəb əvvəllər Tuna İqtisadiyyat Məktəbi adı ilə fəaliyyət göstərirdi, daha sonra 1970-ci illərin əvvəlində dövlət müəssisəsinə çevrildi və 4 illik ali təhsil verən Aksaray İqtisadiyyat və Ticarət Ali Məktəbi adı ilə biz tələbələri qəbul etdi.

1981-ci ildə ali məktəbimiz əvvəlcə Maliyyə Mühasibatlıq Ali Məktəbinin, daha sonra isə Marmara Universitetinin tərkibinə daxil edildi. Mən də bir dəfə sənəd almaq üçün oraya getmişdim. Ərdoğana da diplom bu universitetdən verilib. Buna niyə heyrətlənirlər, anlamıram. Əgər ali məktəb digər universitetin tərkibinə daxil edilibsə, diplom da həmin universitetdən verilməlidir.

Səlahəddin Dəmirtaş sırf muxalif olmaq xatirinə deyir ki, bu tələbələrin niyə birinin ağlına gəlməyib şəkil çəkdirmək. Ondan soruşmaq lazımdır ki, məgər o vaxtlar mobil telefonlar var idi, ancaq biz çıxarıb selfi çəkdirmirdik? Söhbət 1974-cü ildən gedir, nəinki mobil telefon, İstanbuldan Ankara ilə əlaqə saxlamaq üçün dörd saat telefon başında gözləyirdik.

Bundan əvvəl bir yazıma şərh yazmışdılar: “həm yəhudi, həm AKP-li”. Yəqin ki yenə eyni məntiqlə deyəcəklər ki, sən də AKP-lisən. İstədiyim partiyanı seçə bilərəm, bunun heç kimə dəxli yoxdur. Həmçinin yəhudi olmağım da heç kimi maraqlandırmır. Diplomda səhv tutaraq onun saxta olduğunu sübut etməyə çalışırlar, ancaq bilin ki, əgər saxta olsaydı siz heç bir səhv tapa bilməzdiniz, çünki saxta diplomu daha dəqiqliklə hazırlayardılar ki, heç kim anlamasın. Ali məktəbimiz bir neçə dəfə başqa bir ali məktəblə birləşdirildiyi üçün qeydiyyat nömrələrində fərqliliyin olması normal haldır.

Özünüzü bu cür işlərlə məşğul etməyin, cənablar. Əmin olun ki, bundan daha vacib məsələlər var… Sevgi və hörmətlə Rəfael Sadi.”

Yeniçağ.Az

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv