!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Saxta müxalifətçi adı ilə Avropada siyasi sığınacaq alan nə qədər məmur övladı var...” - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“ADP üzvü olan bir mühaciri hansısas Avropa ölkəsindən çıxarsınlar görək, görək, necə çıxarırlar?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Almaniyada azərbaycanlı mühacirlərin deport edilməsinə və Müsavat Partiyasının bu məsələdə adının hallanmasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlunun sözlərinə görə, BMT-dən xüsusi maliyyə yardımı alan bir sıra Avropa ölkələrinin onların ərazisinə sığınmış mühacirləri deport etmələri beynəlxalq hüquqa zidd addımdır:

“Avropadakı mühacirlərimizin bir az ağlı olsa, özlərinin mühacirət məcburiyyətlərini vicdan azadlığı konteksində tam əsaslandıra bilərlər. Azərbaycandan xaricə gedənlərin çoxu, əsasən, siyasi mühacir statusu almağa çalışırlar. Ancaq bu məsələdə tutarlı sübutlar lazımdır.

Digər tərəfdən, beynəlxaq hüquqa görə, vətəndaşlar azad şəkildə dövlət sərhədlərindən asılı olmayaraq, mühacirət edə bilərlər. Bu, hərəkət azadlığıdır. Heç kəs kiminsə öz ölkəsindən başqa dövlətə getməsinin qarşısını ala və buna etiraz edə bilməz – o cümlədən Avropa ölkələri, xüsusən də Fransa və Almaniya.

Bildiyiniz kimi, ən çox mühacir Almaniya, İngiltərə, Fransaya gedir. Çünki bu ölkələr onların ərazisinə gələn mühacirləri yerləşdirmək üçün BMT-dən pul alırlar. Onların vəzifəsidir ki, siyasi və ya başqa xarakterli mühacirləri normal qaydada yerləşdirsinlər.

Mühacir məsələsi beynəlxalq hüquqla tənzimləndiyi üçün kimsə onların haqlarını məhdudlaşdıra bilməz. Sadəcə olaraq, bizimkilər özlərini hüquqi baxımdan, müdafiə edə bilmədiklərindən, pis vəziyyətdə qalıblar. Almaniya, Fransa və digər ölkələrin öz ərazilərindəki mühcirlərin çıxarmağa heç bir hüququ yoxdur. Bu addım beynəlxalq hüquqa ziddir, insan haqları və azadlıqlarının kobud surətdə pozulmasıdır.

Adamlar hansı səbəbdən asılı olmayaraq, öz ölkəsini tərk edərək mühacirətə getmələrini tənzimləyən yerli və beynəlxalq qanunvericilik aktları var. O cümlədən, Azərbaycan Konstitusiyasında da vətəndaşların mühacirət hüququ təsbit olunub.

Mühacirlər yaşadıqları ölkənin qanunlarını pozmayıblarsa, ora leqal şəkildə gediblərsə, o ölkələrin onları oradan çıxarmaq ixtiyarı yoxdur. Əksinə, onların hərəkəti beynəlxalq qanunların pozulması deməkdir. Bəzi mühacirləri yalan məlumat verdiklərinə və o ölkələrin hakimiyyət orqanlarını aldatdıqlarına görə getdikləri ölkələrdən çıxara bilərlər”.

ADP sədri bildirib ki, hər hansı bir vətəndaş başqa ölkəyə köçmək istəyirsə, bunun üçün ona təzyiqlərin olmasını və ya həbs edilməsini gözləməli deyil:

“Deyirlər, filankəs həbs olunmayıbsa, mühacirətə niyə gedib? Bizim insanların düşüncəsinə görə, gərək həbs oluna, işgəncə görə, ondan sonra mühacirətə gedə… Vətəndaş qorxu hiss edirsə, ölkəni tərk edə bilər.

İnsan hüquq və azadlıqlarının 4 forması var. Onlardan biri də qorxudan azad olmaqdır. Mənim partiya üzvlərimdən də mühacirətdə olanlar var. Mən nəinki onların mühacirətə getmələrinə, hətta yerləşdikləri ölkələrdə – məsələn, İsveçdə – status almalarına da nail olmuşam.

Bizim partiyadan həbs olunanlar və döuyülənlər olmayıb ki? Özü də Avropaya mühacirət edənlər tək bizim vətəndaşlarımız deyil. Avropada təkcə İrandan bir neçə milyon siyasi mühacir yerləşib”.

Sərdar Cəlaloğlu bəzi məmur övladlarının da müxalifətçi adı ilə xarici ölkələrə sığındıqlarını deyib:

“Kimlərinsə müxtəlif yollarla mühacirətə getməyi başqa, amma saxta müxalifətçi sənədi ilə Avropa ölkələrində sığınacaq alan xeyli məmur övladı da var. Gedib orada rahat biznes qururlar. Dövlət bunu da araşdırmalıdır. Yüzlərlə belə adam tanıyırıq.

Mühacirlərin bir çoxu o qədər savadsızdır ki, öz hüquqlarını qoruya bilmirlər. Almaniyadan deport edilənlərin əksəriyyəti Müsavatın üzvü deyil, partiyanın adından saxta sənəd alıblar və onun əsasında ora gediblər.

ADP üzvü olan bir mühaciri hansısas Avropa ölkəsindən çıxarsınlar görək, görək, necə çıxarırlar? Gör, həmin dövləti beynəlxalq məhkəməyə verib, o haqqı alırıq, yoxsa yox… O dövlətin nə haqqı var ki, mənim göndərdiyim mühaciri ölkəsindən çıxarsın?

Həqiqi müxalifətçini heç bir Avropa dövləti deport edə bilmir. Elə adamları çıxarırlar ki, onların müxalifətə aidiyyatı yoxdur, onların sənədləri saxtadır. Mənim müavinlərimin də bir neçəsi xaricdədir. Öz övladlarım siyasi mühacirdir, hətta vətəndaşlıq da veriblər onlara. Birini belə çıxara bilməzlər, heç onların elementar hüququna belə toxuna bilməzlər.

Dəfələrlə partiyaya sorğu göndəriblər, baxmışıq ki, o sənədi biz verməmişik. Hətta mən həbsxanada olanda, gedib özünü mənim oğlum kimi təqdim edən dörd-beş adam ortaya çıxıb. Həmin adamları haqlı olaraq, deport edirlər. Haqqını, hüququnu, beynəlxalq qanunları, Konstitusiyanı bilməyən adam belə münasibətə layiqdir. Saxta sənədlərlə gedənlər, həqiqətən, təzyiqlərə məruz qalaraq, mühacirətə gedənlərin girirlər”.

Səxavət Məmməd

www.yenicag.az

1651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv