Elşən Manafov: “Azərbaycan və Türkiyə bu məsələdə birlikdə hərəkət etməlidirlər”
Akif Nağı: “Türkiyə özünü hansısa günahkar yerinə qoymamalıdır”
Ermənistan 2015-ci ildə qondarma soyqırım hadisəsinin 100 illiyinə ciddi hazırlaşır. Onlar həmin fürsətdən sui-istifadə edərək, saxta soyqırım olayını dünya miqyasında tanıtdırmaq niyyətindədirlər. “Bu qondarma hərəkətlərin qarşısını almaq, onları ifşa etmək üçün Türkiyə ilə Azərbaycan birgə bəzi addımlar atmalıdır. Həmçinin, bu istiqamətdə iki qardaş ölkə əldə olan bütün vasitələrdən yararlanmalıdır”.
Bu sözləri Yenicag.az saytına açıqlamasında politoloq Elşən Manafov qeyd etdi: “Bilirik ki, erməni diplomatiyası boş dayanmır. Onlar gələn il üçün “soyqırım” hadisəsinin 100 illiyinə hazırlaşır. Bununla bağlı erməni diplomatiyasının bütün cəbhə boyu Azərbaycan və Türkiyənin mövqeləri üzərinə hücuma keçəcəyi istisna edilmir. Bu illər ərzində ermənilər kütləvi informasiya vasitələrində gerçəkdən belə bir fikrin aşılanmasına nail oldular ki, 2015-ci ildə guya türklər erməniləri soyqırıma məruz qoyub. ABŞ-ın 20 ştatı, İtaliya parlamenti, Rusiya Dövlət Duması, Fransa Senatı artıq bu məsələyə münasibət sərgiləyib. Bu kontekstdə gələn il Ermənistanın Türkiyə və Azərbaycanla gərginliyinin yaşayacağı istisna deyil. Amma Azərbaycan da Xocalı soyqırımının ayrı-ayrı ölkə parlamentləri tərəfindən tanınmasına nail olub. Pakistan bunu tanıyıb, Özbəkistanın Ermənistanla diplomatik əlaqələri yoxdur, ABŞ-ın ayrı-ayrı ştatları Xocalı soyqırtımını tanıyıb. Latım Amerikasında isə Venesula və digər ölkələrin qanunverici orqanları bu soyqırımı tanıyıb. Azərbaycan cavab tədbirləri olaraq KİV-də, həm də dünya mediasında, dövlətlərarası münasibətlərdə, hətta qeyri-hökumət təşkilatları xəttilə erməni diplomatiyasının həmin mövqedən çıxış edə biləcəyilə bağlı amilləri nəzərə alacaq. Yəqin ki, artıq bununla bağlı Azərbaycan və Türkiyə diplomatiyasının cavab tədbirləri hazırdır. Ərdoğan hökuməti dəfələrlə ermənilərə müraciət edərək, bu məsələnin siyasi gündəmdən çıxarılmasını təklif edib. Çünki bu günki geosiyasi reallıqlar konteksində vaxtilə dövlətlər arasında yaşanan münasibətlərə siyasi qiymət vermək olmaz. Ərdoğan hər iki tərəfdən arxivlərin açılması və məsələni tarixçilərin öhdəsinə buraxmağı və yalnız bundan sonra məsələyə yüksək qiymət verilməsini təklif edib. Ermənistan isə saxta soyqırımın BMT kimi qurumlar tərəfindən tanınmasına nail olmaq istəyir. Bütün bunların fonunda Azərbaycan və Türkiyənin əlbir hərəkət edəcəyi və erməni yalanının növbəti dəfə beynəlxalq birliyə çatdırılması üçün əllərində olan bütün vasitələrdən istifadə edəcəyini isitisna etməzdim”.
QAT sədri Akif Nağı Yenicag.az-a açıqlamasında bu istiqamətdə ciddi çalışmalar yapmalı olduğumuzu qeyd etdi: “Hesab edirəm ki, dövlət səviyyəsində Türkiyə ilə birgə Azərbaycan tərəfi müəyyən işlər görməlidir. Hər iki tərəf arasında bu saxta soyqırımı ifşa etmək üçün razılaşdırılmış bir proqram tərtib olunmalıdır. Burada da tərəflər özlərini hansısa günahkar yerinə qoymamalıdırlar. Təbliğat işi ona yönəlməlidir ki, ermənilərin yalan uydurduğu sübut olunmalıdır. Onun üçün də məsələ müəyyən beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmalı, tanınmış mütəxəssis, hüquqşünas və tarixçilərin iştirakı ilə konfranslar təşkil edilməlidir. Onların dilindən bu məsələlər ortaya qoyulub, kitab şəklində çap olunaraq, yayılmalıdır. İnternet, sosial şəbəkənin imkanlarından geniş şəkildə istifadə etməliyik. Yəni, Azərbaycanla Türkiyənin işi ondan ibarət olmalıdır ki, müxtəlif vasitələrdən istifadə etməklə 1915-ci ildə baş verən hadisələrin həqiq mahiyyətilə bağlı materialları dünya ictimaiyyətinə çatdırsınlar. QAT-ın da bu istiqamətdə müəyyən planları var”.
Rüfət/Yenicag.az