!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sayğac müxalifətinin” oynamağı – Çingiz Özgür yazır

!Reklam – Yazi

Mənim bir qonşum var, xeyli maraqlı insandır. İllərdir həm məcburi, həm də könüllü müşahidə edirəm. Bu gün istəyirəm sizinlə də tanış edim. Bu istəyim həm də keçdiyimiz günlərdə baş verən bir hadisə ilə bağlıdır. Hadisəni danışmaq üçün gərək yüngülvari tanışlıq verim, biləsiniz söhbət nədən və kimdən gedir.

Tanış olun, “Sayğac müxalifəti”, qonşumdur. Mən bu adamın hərəkətlərinin hansısa bir xəstəlik olduğunu düşünürəm. Lakin sual verdiyim bir xeyli həkim dostum, belə bir xəstəlik adı bilmədiyi üçün düşündüm ki, tibb elminə məlum deyil bu xəstəlik. Bu halda təşəbbüs göstərib özüm ad verdim. Daha doğrusu əvvəlcə qısaca “Müxalifət” adını verib öz-özümə “Mıxı” çağırırdım, sonra isə müxalifətin sinifləndirilmə prosesi başlandı. Bir qisminə “Antimilli ünsür”, digərlərinə “Dekonstruktiv müxalifət” dedilər, sonda isə yeni bir termin, “Avtobus müxalifəti” ortaya çıxdı, o zaman mən də öz müxalifətimə, daha doğrusu qonşuma konkret ad qoydum “Sayğac müxalifəti”.

Mənim qonşum bütün etiraz çıxışlarını bizim blokdakı qaz və elektrik sayğaclarının qarşısında edir. Elə mənim düşündüyüm xəstəlik də budur. Qonşum sanki sayğacla danışır. Sayğaca qarşı tərəf, hətta iqtidar kimi yanaşır. Sayğaca əsəbiləşir, etiraz edir, hətta hədələyir. Xəstəliyin tarixi də az deyil. Həmin il ki, tarif şurası adəti üzrə, gecə evdəki işini yarımçıq qoyub işə gəlib qaza illik, işığa isə aylıq limitlər qoydu, bax o günlərdən bizim də qara günlərimiz başlandı. Bizim deyəndə ki, bütün xalqın qara günləri başlandı, amma bizimki ikiqat oldu.

Qapıdan çıxanda gördüm ki, qonşum elektrik sayğacının qarşısında durub ilk çıxışını edir:

– Smartsan, nəsən bilmirəm. Ağlını yığ başına. Mənə “limit”gələ bilməzsən! Mən səndən əvvəl çox sayğaclar görmüşəm. (Burada heyfslənir) Ehh, sovetin sayğacları vardı. Başına elə oyun açırdıq ki, ayın axırı işıq idarəsi bizə borclu olurdu. İndi sən gəlib mənə ağıllı çıxmısan, “smart” çıxmısan?! (Burada səsini qaldırır) Əşşi nə smart e, deyəcəm gəlib söküb atsınlar o yana. Adi sayğac qoysunlar. Necə olur e, deputatlar Milli Məclisə smart telefonlar gətirilməyini istəmir, amma mənə smart sayğac qoydururlar? (Bir az ondan öncə deputatlar Milli Məclisə ağıllı telefonların girişinə qadağa qoyulmasını istəmişdilər, qonşum onu deyirdi). Niyə istəsin ki, deputat ağıllı telefonu? Kim özündən ağıllı birini istəyər, işlədiyi yerdə? Nəysə ki, dəyişəcəm səni…

Qonşumun çıxışı uzanırdı, keçib getdim. Bundan sonra başlandı bizim qonşunun blok çıxışları, müraciətləri. Günün xeyli hissəsini burada keçirir, günü hissələrə bölür, hansı hissədə sayğacın nə qədər işıq yazdığını hesablayır, vurur, çıxır, limiti keçməməkçün əlindən gələni əsirgəmirdi. Qışa doğru qazın illik limitinin keçilməsi qorxusu ilə qaz sayğacında da hesab-kitablar başlandı. Qonşum ağıla gəlməz üsullar düşünürdü. Hamısını da gəlib sayğaclara deyirdi, burdan bilirdim.

Bir dəfə hər iki sayğacın ortasında dayanıb dedi:

– Tapmışam yolunuzu, sizdən elə canımı qurtaracam ki, heç fələk də baş açmasın. Məhkəməyə vermişəm, boşanıram arvaddan. Qoy məhkəmə bitsin, ev “bölünsün”, hərəmizə ayrıca sayğac qoyulacaq. Ya da iki norma verilməlidir bizə. Onda görəcəksiz gününüzü…

Adam bu həll yolunu necə düşünüb tapsın ki? Amma yox, alınmadı. Bürokratiya əngəl oldu, qohum-qəbiləmi təsir etdi ki, “yaşlı- başlı adamsan, ağlını başına yığ”, onu bilmirəm. Onu bilirəm ki, “Sayğac müxalifətinin” “B planı” baş tutmadı, mənim əziz qonşum illər öncə “X günü”nü gözləyən müxalifətçilərin taleyini yaşadı, o gün gəlmədi.

Bir ara qazın limiti artırıldı, qonşum başladı nə başladı:

– İslahatlara getmək məcburiyyətində idiniz. Dəfələrlə demişdim başqa yolu yoxdur, bilirdiniz ki, mən dedimsə edərəm. Bax, məcbur qalıb qazda illik limiti artırdınız, indi qaldı işıq məsələsi…

Qonşum bu qərarın sırf onun blokdakı etiraz çıxışlarına görə verildiyi qənaətində idi, deyirdi ki, “hələ nə görmüsüz e, dağıdacam…”

Keçən il Tarif Şurası yenə etdi edəcəyini. Bizim qismən səngiyən blokumuzda etirazlar bir qızışdı, bir qızışdı ki, gəl görəsən. Qonşum sayğacları qabağına qoyub danlayır, üstlərinə çığırır, digər tərəfdən də daha da sərtləşən limitlərə, qalxan qiymətlərə çarə axtarırdı. Keçən ildən düz bu son hadisəyədək bu ölkədə ən fəal müxalifət mənim qonşum sayıla bilər. Hətta müxalifət mənim qonşum sayıla bilər, çünki son iki ildə özünüz də görürsünüz, Hafiz Hacıyev yalan olub qalanları doğru. Hətta ehtiyac qalmayıb deyə partiya sədri, yəni Hafiz Hacıyev özfəaliyyət göstərib nəsə demir, danışmır. Nəyə lazım axı, Hafizdən çox, Tural var…

Qonşumun səs tonundan, əsəbindən görürəm ki, hər ay işıq sayğacına, ildə iki dəfə isə qaz sayğacına “məğlub olma” qorxusu ilə yaşayır.

Hətta iş o yerə gəldi ki, mart ayı qazda ilk limit bitdi, qonşum çox əsəbi halda qaz sayğacının qarşısında geniş bir çıxış elədi. “Artıq vəziyyətin nəzarətdən çıxdığını, hər an hakimiyyətə gələ biləcəyini” deyib hökumətin yarıtmazlığından, məmur özbaşınalığından danışdı. Bəli, artıq məsələ təkcə qaz-işıq deyildi. Gündəlik qalxan qiymətlər, işsizlik kimi problemlər də var idi mövzuda. Bizim “sayğac müxalifəti” çox əsəbi- hirsli olmuşdu. Etirazlar artırdı, di gəl hər ay sonuna işıq sayğacının “qələbəsi” bizim “müxalifəti” bir az da özündən çıxarırdı.

O gün isə… Qapıdan çıxdım ki, qonşum sayğacın qabağında qol götürüb oynayır, şadlıq edir. Əvvəl elə bildim mən səhv görürəm, oynayan başqa adamdı, amma yox, bu dəfə üzü mənə tərəf dönəndə tam əmin oldum. Qonşum idi, həmin bizim “ blok müxalifəti” idi, oynayırdı. Əlində qaz sayğacının kartı vardı. Oynaya-oynaya nəsə deyirdi. Yaxınlaşanda anladım ki, “keçmiyib, keçmiyib…” deyib oynayır. Məni görüb qol saxladı. Yaxşıdır ki, saxladı da. Elə şirin-şirin oynayırdı ki, dayanmasa ona qoşulub oynamağım an məsələsi idi. Və dedi bu rəqsin səbəbini.

Qaza 50 manat pul vurub, hesab-kitabı itirdiyindən elə bilirmiş ki, ikinci limiti də keçib, artıq 25 qəpikdən hesablanacaq qazın kubu. Gətirib sayğaca yükləyəndə görüb ki, 250 kub qaz yükləndi. Anlayıb ki, hələ keçməyib ikinci limiti. Keçsə 200 kub qaz yüklənməli idi. Bu səbəbə o qədər sevinib ki, illərdir tənqid və etirazdan başqa heç nə etməyən adam qol götürüb oynayır.

Mənim “sonuncu mogikanım”, ümid yerim, barışmaz müxalifət saydığım adam əllicə kub qazın müqabilində  oynadırdı. Kişi elə sevinir, elə oynayırdı, elə bil ölkədəki bütün problemləri şəxsən həll edib. İki kvadratlıq blokda elə oynayırdı, sanki Bakının ən geniş şadlıq evinin rəqs meydançasında təkcə oynayır. Həm də heç nəyə, 50 kub qaza…
Bir azdan YAP-ın 30 illik yubileyinə gedən “müxalif partiya sədrləri” haqda xəbərlər yayıldı. Şəkillərin də çəkmişdilər. Hamısının üzündə mənim qonşumun üzündəki xoşbəxtlik ifadəsi vardı. Elə bil yerimirdilər, oynayırdılar…

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv