Tahir Əkbəri uzun illərdir tanıyırdım. Onda mən “ATV Maqazin” jurnalının redaktoru idim, Tahir müəllim də “Xalq ulduzu” yarışmasının münsifi…
Dəfələrlə müsahibim olmuşdu. O qədər sadə, səmimi insan idi ki…
Üzündə sanki bir uşaq məsumluğu vardı. Tahir Əkbər heç kimin xətrinə dəyməzdi. Dost dedikləri heç bir məclisi onsuz keçirtməz, süfrəsi hamının üzünə açıq olardı. Dinləyiciləri onun barmaqlarından süzülüb, notlara çevrilən nəğmələri dönə-dönə dinləyər, zövq alardılar. Onun məşhur bəstəsi olan “Heç küsməyin yeridirmi?” mahnısı dillər əzbəri idi. Brilliant Dadaşovanın ifasında səslənən “Amin” mahnısı Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver…” əsəri 26 ölkə arasından finala çıxan qaliblərdən biri olub.
Tahir Əkbər təkcə istedadlı bəstəkar deyildi ki… O, həm də gözəl insan, yaxşı dost idi. O, sevdiklərini, dəyər verdiklərini unutmayan insan idi. Elə bu səbəbdən idi ki, biz də Yenicag.az olaraq Tahir Əkbərin yaradıcılığını, səhhətini diqqətdə saxlayırdıq. Saytımızın ən etibarlı oxucularından olan Tahir Əkbər “gün ərzində imkan ola kimi sizin sayta mütləq baxıram”, deyirdi. Elə biz də Yenicag.az-ın 10 yaşı ərəfəsində ona zəng etdik, etibarlı dostumuzun ürək sözlərini qələmə aldıq. Bu gün – Tahir Əkbərin ölüm xəbərini aldığımız an həmin audionu dönə-dönə dinləyib, o böyük insanın, gözəl bəstəkarın səsindən duyğulandıq. Bizim dost itirən vaxtımız olmasa da, dostlar bizi həmişəlik tərk edir.
Yeri dolmayacaq dost, məkanın behişt olsun!
–
Zakirə Zakirqızı