Prezidentlə məmurların mübarizəsində Gülən fərqi

 Azərbaycan məmurlarının “nurçu ovu” Fətullah Gülənin düşmənlərini “əzmə əməliyyatıdır” və birbaşa Pensilvaniyaya xidmət etməkdədir

Anadolu Türklərinin gözəl bir sözü var: “Məqsəd üzüm yemək deyil, bağbanı döymək”. Türkiyənin baş naziri Ərdoğanın Fətullah Gülən Şəbəkəsinə qarşı apardığı mübarizənin Azərbaycana sirayət etməsi iki şəkildə özünü göstərdi.

  1. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən bu şəbəkəyə qarşı yürütdüyü siyasət.
  2. Azərbaycan məmurlarının “nurçuluq”la mübarizəsi.

Hər nə qədər Azərbaycan məmurları170420141012056281367nın Prezidentin yürütdüyü siyasəti  dəstəklədiklərindən şübhəmiz olmasa da, bu iki faktor bir-birindən ayrılmalıdır. Çünki birinci ilə ikinci arasında yerlə göy arasında fərq var.

Və bu məmurların “nurçuluq”la bağlı fəaliyyətləri əslində Ərdoğana səmimi şəkildə “qardaşım” deyən İlham Əliyevi Türkiyə dövləti ilə üz-üzə qoymaq deməkdir.

Öncəliklə, İlham Əliyevin bu məsələdə mövqeyinə diqqət yetirək. Azərbaycan Prezidenti həm 30 mart, həm də 30 mart sonrası Türkiyə dövlətinin maraqlarını öz dövlətinin maraqları kimi qorudu və lazımi addımları atdı.

Prezident kimləri çıxardı? Elnur Aslanov və Elşad İskəndərov. Bunlar kimlərdir? Hər iki şəxsin barəsində Fətullah Gülən Camaatı və Amerika gizli xidmət orqanları ilə əlaqəli olduqlarına dair söhbətlər gəzən iki önəmli füqur. Özəlliklə, güclü siyasətçi adlandırılan və 2018-ci ildən sonra baş nazir, 2023-cü ildə isə prezident seçiləcəyinə inanılan Elnur Aslanovun işdən çıxarılıb, “təqaüd”ə göndərilməsi Türkiyəni məmnun edən addım idi. Eyni zamanda Azərbaycanı bu şəbəkədən qorumaq istəyənlər üçün çox mühüm bir sürpriz oldu.

Daha sonra kim işdən çıxarıldı? Elşad İskəndərov. Elnur Aslanovun “qvardiya”sına aid olan bu şəxs nə etmək istəyirdi? Bir tərəfdən İranla şəxsi münasibətlərini qaydaya qoyarkən, digər tərəfdən də ərəb şiəliyini Azərbaycana gətirmək istəyirdi. İraqdakı ərəb şiələri kimin “buyruğuna ləbbeyk deyir”? Amerikanın. Yəni, oyun içində oyun vardı və Prezident çox incə iki gedişlə bu planları pozdu. Yəqin ki, bundan sonra da eyni xətt davam edəcək, şəxsən Prezident tərəfindən…

Bəs məmurlar nə etdi? Öncəliklə “nurçuluq” məmurların bir-birinə qarşı kompromat savaşına çevrildi. Anonim məktublar, saxta maillərlə olduqca qarmaqarışıq bir vəziyyət yaratdılar.

Nurçuluq və Gülənizm? Azərbaycanda Fətullah Gülənə hələ də nurçu deyilir. Baxmayaraq ki, adamın özü bunu inkar edir. Özünün bir Hizmət hərəkatı qurduğunu bildirir. Doğru deyir. Fətullah Gülən NURÇU deyil! Bu şəxsin avtobioqrafiyasını əzbər bilən şəxs kimi qeyd etməliyəm ki, Gülən hər dönəmdə bir dini qrupdan istifadə edib. Öncə Nur camaatının içinə daxil olub, oradan Ərbəkana yaxınlaşıb. Ərbakanı Dəmirələ, Dəmirəli Türkeşə dəyişib. Daha sonra isə Ecevitə yaxınlaşıb və “göydən vəhy belə ensə, Ərbakana səs vermərəm” deyib ki, bu onun imkanı olsa peyğəmbərlik iddiasına düşmək istəməsindən xəbər verir. Çünki vəhy yalnız Allaha gəlir. Tutalım vəhy gəldi, sən kimsən ki, Allahın əmrinə itaət etməyəcəksən? Nə isə…

mustafa-sungur-cenaze-06 Qısa olaraq, qeyd etməliyəm ki, Gülənlə Səid Nursi və nurçuların fərqi ondadır ki, ikincilər özlərini insanı günahlardan qurtarmaqa həsr etdiklərini düşünürlər. Bunun üçün yay-qış demədən təbliğ edirlər. İstənilən nur söhbətlərinə qatılan şəhadət gətirə bilər ki, bu söhbətlərdə sadəcə dini mövzularda söhbətlər gedir, Quran və Risaleyi Nur oxunur. Ərdoğan bunlara qarşıdırmı? Əliyevdən bununla bağlı xahişi olubmu? Mümkün deyil. Nədən? Çünki Ərdoğanı Ərdoğan edən mühafizəkar-dindar kimliyidir. Başörtüsünü sərbəst buraxan, Risaleyi Nurların ancaq dövlət tərəfindən çap olunub, təhrif olunmasını önləyən Ərdoğan Əliyevdən bunları istəsə, özünü inkar etmiş olar.

Lakin Azərbaycan məmurlarının “nurçu ovu” birbaşa Ərdoğanın sifarişi kimi təqdim olunur. Məsələn, nurçulardan mərhum Mustafa Sunqurun qızı Aynur Sunqur Azərbaycandakı nurçu həbsləri ilə bağlı deyir: “İl yarım əvvəl cənazəsinə qatıl, sonra həbslər olsun. Listədə (Əliyevə təqdim olunan siyahını nəzərdə tutur) adı keçən insanlar kimdir? Hamısı Risaleyi Nura xidmət edən insanlar”. Görürsünüzmü, Azərbaycan məmurlarının araşdırmadan üzərlərində sarıq-cübbə gördükləri üçün həbsə atdıqları insanlara görə, Ərdoğanın onun Fətullah Gülənə qarşı mübarizəsini dəstəkləmiş insanların, Əliyevin isə Ərdoğanın qarşısında əli zəifləyir. Bəli, Ərdoğan Sunqurun cənazəsini ciynində daşıyandan sonra gəlib, onun Azərbaycandakı söhbət evlərini dağıtdırmaz. Çünki hədəf ölkələrin milli təhlükəsizliyidir, hansısa xocanın dini təbliğ etməsi deyil.

Və maraqlıdır ki, kimin Fətullah Gülənə bağlı olduğu gün kimi aydın olsa da, günahsız insanlar hədəf göstərilir,  zamanında bu şəbəkəyə qarşı döyüşən insanlar Gülənin adamları kimi təqdim edilir. Siz heç Əliyevin əmmaməli birini işdən çıxardığını gördünüzmü bu məsələ ilə bağlı? Xeyr. O zaman siz nədən Gülən tərəfdarlarını deyil, 4-5 nəfər fağırı həbs edirsiniz ki, onların adamları da Türkiyədə Azərbaycanda müsəlmanların sıxışdırıldığını və bunu Ərdoğan vasitəsi ilə edildiyini desin. Siz kimdən yanasınız? Əliyevdənmi, Güləndənmi?

Və bir daha vurğulamaqda fayda var. Gülənin dərdi din-iman deyil. Fətullah Gülən hələ 1996-cı ildə yayılan kassetlərində deyirdi ki, mövcudiyyətimizi hiss etdirmədən irəlilərə getmək lazımdır, dövlətin can damarlarında dolaşıb, yara almadan geri dönmək lazımdır”. Göründüyü kimi Gülənin Türkiyədə ittiham olunduğu məsələ dövləti ələ keçirmək, paralel dövlət qurmaqdır. Bu həyatlarını insanların axirətini qurtarmağa həsr edənin nəyinə lazımdır?

Ancaq göründüyü kimi burada da PARALEL YAPI, yəni Fətullah Gülən şəbəkəsi gözəl işləməkdədir. Fətullah Gülən camaatına qarşı olan, bu camaatın planlarına ortaq olmayan nə qədər insan varsa, onlar Gülən ilə əlaqədə suçlanırlar.

Məsələn, Diyanət İşləri Başqanlığı Türkiyə Dövlətində məhz Atatürk tərəfindən qurulmuş bir nazirlikdir. Və Türkiyədə fətullahçılar daxil, heç bir dini cərəyan dövlətin din siyasətini həyata keçirən bu qurumu sevməzlər. Səbəb isə sadədir: Bu qurumun yetişdirdiyi kadrlar asanlıqla hansısa təriqətin kor-koruna müridi olmazlar.

Və Diyanətin Azərbaycandakı lisəsi və Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsi bəlkə də tək Gülən camaatının deyil, bütün cərəyanların girə bilmədiyi və bağlanmasını istədikləri yerlərin başında gəlirlər.

Bilməyənlər üçün qeyd edək ki, Diyanət Vəqfi Lisəsi kasıb azərbaycanlıların belə rahat şəkildə yüksək səviyyədə təhsil aldıqları müəssisədir. Bu qurumun Gülən camaatı ilə nəinki əlaqəsi yoxdur, əksinə yuxarıda vurğuladığım kimi bu müəssisənin bağlanması onların işinə hər şəkildə yarayar. Çünki Gülənin məktəblərindən fərqli olaraq, burada təhsil haqqı minlərlə manat deyil. Gülənin “çağlayan” və “rövnəqləşən” liseyləri qala-qala Diyanətin ayırdığı cüzi maliyyə ilə (Bəlkə də bir çoxları bilmir. Türkiyə qədər öz qurumlarına xəsisliklə maliyyə ayıran bir ölkə də az tapılar. Xırda bir məsələ üçün o qədər bürokratik əngəl çıxarırlar ki, dövlət qurumları hansısa təklifi Maliyyə Nazirliyinə göndərməsinə peşman olur) neçə illərdən bəri liseyi ayaqda saxlayan və təkcə keçən il 6 şagirdi 700 bal toplayan bu liseyi hədəf seçmək Gülənin “dəyirmanına su tökməkdən” başqa bir şey deyil. Özü də bilməyərək…

Çünki yuxarıda qeyd etdiyimiz kimi, Gülənin “xalis-müxlis” şirkət və məktəblərini kənara qoyub, sadəcə din təbliğ edən nurçuları və Türkiyə dövlətini təmsil edən Diyanəti hədəf seçmək və adını “Ərdoğanın Gülən camaatı ilə mübarizəsinə dəstək” qoymaq əslində Fətullah Gülən camaatının Azərbaycanda həm mediada, həm də hökumətdə necə güclü olduğunu göstərməkdədir.

Nəticə etibarı ilə, Ərdoğanı Türkiyədə yenə bilməyənlər burada olanları Türkiyəyə ötürərək Əliyev-Ərdoğan barışını pozmaq istəyirlər. Səbəb isə illərdən bəri Gülən camaatı ilə bərabər olan bir sıra məmurların əslində öz bizneslərini qorumaq üçün dövlətlərarası münasibətləri pozmaqdan belə çəkinməməsi Əliyevə Gülənə olduğu qədər sədaqətli olmamalarıdır.

“Nurçularla mübarizə” adı altında Gülənə qarşı olanların əzilməsindən sevinən və bu oyunun tək qazananı isə Güləndir…

Aqil ƏLƏSGƏR