“YPG-nin silahı buraxması ilə digər silahlı etnik qrupların da bu addımı atmağına səbəb olacaq”.
Bu sözləri YPG-nin siyasi qolu Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Mazlum Abdi Şahin və Suriya prezidenti Əhməd əş-Şaraa arasında imzalanan barışıq sazişini Yenicag.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib.
Analitik hesab edir ki, Öcalanın PKK-a çağırışı da daxil olmaqla bu saziş Türkiyənin uğurudur:
“YPG təşkilatı PKK-nın bir qoludur və artıq Suriya hakimiyyəti ilə barışıb. Bu təbii ki, regional şərtlərin dəyişməsi nəticəsidir. Həmçinin Abdullah Öcalanın PKK-ya silahı buraxmaq barədə çağırışı Türkiyənin gözlənilən hərbi əməliyyatlarıdır. Çünki bunların “mübarizəsi” tamamilə Suriyanın siyasi səhnəsindən silinməsi ilə nəticələnə bilər. Ona görə də silahı buraxıb hakimiyyətlə dialoqa getdilər. Saziş imzalandı və bu Türkiyənin uğurudur”.
O, bəyan edib ki, Türkiyə bu prosesləri idarə edir:
“Suriyada isə demək olar ki, YPG öz fəaliyyətinə son qoydu. Düşünürəm ki, PKK-da aprel ayında eyni addımı atacağı gözlənilir. İndiki müstəvidə YPG-nin silahı buraxaraq Suriya hökuməti ilə əməkdaşlığı hakimiyyətin güclənməsi yolunda yeni bir mərhələnin başlanması kimi qiymətləndirmək olar. Suriyada keçmiş Bəşər Əsəd hərbçilərinin qiyamı İrana qarşı Rusiya və həmçinin İsrailin də dəstək verməsi bunların planlarını da fiaskoya uğratdı”.
Mütəxəssis qeyd edir ki, bundan sonra digər silahlı etnik qruplar da silahı yerə qoyacaq:
“Digər silahlı etnik qruplar da gördülər ki, Suriyada ən böyük silahlı terror təşkilatı olan kürdlərdən ibarət YPG silahı buraxdı. O qruplar YPG kimi güclü təşkilatlanmamışdı. Göründüyü kimi, silahı yerə qoyub mərkəzi hökumətlə əməkdaşlığa gedildisə, digər silahlı etnik qruplar da eyni addımı ata bilər. Ümumilikdə, Suriyanın bütövləşməsi istiqamətində mühüm addım kimi qiymətləndirmək olar”.
Yenicag.az