Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Fərhad Abdi Şahin (Məzlum Kobani) hazırkı hərbi-siyasi vəziyyət, bölgədəki təhlükələr və beynəlxalq tərəfdaşlarla əlaqələr barədə vacib açıqlamalar verib.
Yenicag.az xəbər verir ki, Şahin SDQ-nin mövqeyini və gələcək addımlarını belə ifadə edib:
“İndiyə qədər “Həyat Tahrir əş-Şam” (HTŞ) ilə heç vaxt birbaşa qarşıdurma yaşamamışıq. Hazırda Hələbdəki kürdlərin vəziyyətini müzakirə edirik. Ərazilərimizin təhlükəsizliyi, xüsusən də Hələbdəki vəziyyət üçün HTŞ ilə dolayı əlaqələrimiz var. Bölgədəki bütün güclərlə bu əsasda danışıqlar aparmağa davam edirik”. – deyə Şahin bildirib.
SDQ lideri yeni yaranan hərbi-siyasi vəziyyətə diqqət çəkərək, siyasi həllin tərəfdarı olduqlarını vurğulayıb:
“Biz problemləri həll etməyə hazırıq. Şimali və Şərqi Suriyanın bu müzakirələrə daxil edilməsi vacibdir. Əgər torpaqlarımıza hücum olarsa, xalqımızı qorumaq üçün hər cür tədbir görəcəyik”.
Türkiyənin Suriyanın şimalında Münbiç və digər bölgələrdəki fəaliyyətinə toxunan Şahin əlavə edib ki, onlar həll olunmamış problemləri dialoq yolu ilə həll etməyə çalışırlar:
“Bu kontekstdə həm beynəlxalq koalisiya, həm də Rusiya səylər göstərir. Bununla yanaşı, Suriyanın şimalında və şərqində xalqımızı qorumaq üçün kifayət qədər gücümüz var. Rusiya və ABŞ ilə daimi dialoqdayıq”.
Şahin, SDQ-nin Deyr əz-Zor və Rakka bölgələrində yaranmış boşluqlardan bəzi qrupların sui-istifadə cəhdlərini izlədiyini də qeyd edib:
“Xalqımız indi Suriya Demokratik Qüvvələrinin ətrafında birləşməlidir. Biz İŞİD və digər terror təşkilatlarına qarşı beynəlxalq koalisiya qüvvələri ilə koordinasiyadayıq. Deyr əz-Zor, Tabqa və Rakka bölgələrində yaşayan insanları qorumaq üçün nə lazımdırsa, edəcəyik”.
Hələbdəki mövqelərini qorumağa davam etdiklərini vurğulayan Şahin söyləyib ki, Şeyx Maksud və Eşrefiyedəki qüvvələr proseslərə hazırdır.
“ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın köməyi ilə Şimali Hələbdəki insanlarımızı təxliyə edə bildik və geridə qalanların təxliyəsi üçün səylərimizi davam etdiririk. Biz heç bir tərəflə müharibə etmək istəmirik, lakin hər zamankından daha hazırıq. Ortaya çıxacaq istənilən hücuma effektiv cavab veriləcək”, – deyə Şahin əlavə edib.
Rafi Müslümov