!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbailin icra başçısının “görmədiyi” BÖYÜK TİKİLİ: Vüqar Zeynalov bayraqla binanı necə ayırd edir?

!Reklam – Yazi

Yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qanunsuz əməllərə yol verməmələri üçün prezidentin “qılıncı” daim onların başı üzərində asılmalıdır?

2019-cu ilin sentyabr ayının 30-da Səbail rayonu, Salyan şossesi 32 ünvanda Səbail rayon Prokurorluğu üçün inşa edilmiş binanın açılış mərasimi keçirildi. Təntənəli mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da iştirak edib.

Bununla belə, sözügedən binanın nə inşasına başlayanda, nə də açılışında tikilinin yerləşdiyi 20-ci sahə adlanan ərazidə torpaq sürüşməsi riskinin yüksək olması heç kimin “yadına düşmədi”. Daha doğrusu, orta və ya aşağı dərəcəli torpaq sürüşməsi nəticəsində prokurorluq binasının yerin altına yuvarlana biləcəyini kimsə açıb-ağartmadı.

Nə qədər təəccüblü olsa da, prokurorluq binasının riskli ərazidə inşa edilməsi azmış kimi, bir neçə ay əvvəl qeyd olunan ünvanda başqa bir beşmərtəbəli binanın tikintisinə start verildi. İşlər sürətlə aparıldığından binanın inşası qısa müddətdə tamamlanmaq üzrə ikən yüz səksən dərəcəlik kəskin dönüş baş verditikili ən qısa vaxtda sökülərək yoxa çıxarıldı.

Təbii, hər kəsə məlumdur ki, Bakının kifayət qədər prestijli sayılan ərazisində beşmərtəbəli binanın tikintisi Səbailin icra başçısı Vüqar Zeynalovun xəbəri və “xeyir-duası” olmadan aparıla bilməzdi. Zeynalovun o binanın kim tərəfindən inşa etdirildiyi barədə məlumatı “olmasa” da, artıq sökülmüş “beşmərtəbə”ni fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işdən çıxardığı general Nazim Məmmədovun tikdirdiyi haqda ərazidəki sakinlərin əksəriyyətinin təxminləri var.

Bundan başqa, qanunsuz tikilinin “Aylı gecə” restoranının sahibi Nazim Əliyevə məxsus olduğuna dair də iddialar var.

Çox paradoksal hal olsa da, dövlət orqanının inzibati binasının bir addımlığında tikilən və qaçaraq söküldükdən sonra özü boyda “izi” qalan “beşmərtəbə” ilə bağlı prezidentin sualı qarşısında Səbailin icra başçısı “xəbərimiz yoxdur”, – deyə boynunu büküb. Əslində, hər kəsə aydındır ki, Zeynalov bəhs olunan bina haqda prezidentin sualı qarşısında çarəsiz vəziyyətə düşsə də, onun icazəsi olmadan Səbaildə daşı daş üstünə qoymaq mümkün deyil.

Çox sayda vətəndaş öz təcrübəsindən bilir ki, mənzildə yüngül təmir aparılmasına, həyətində kiçik ayaqyolu tikilməsinə, hətta qapı-pəncərənin dəyişdirilməsinə icra hakimiyyətinin təmsilçiləri anında müdaxilə edərək başlanan işə mane olurlar. O halda, belə “iş praktikası”na malik məmurların gözündən yayınaraq beşmərtəbəli bina ucaltmaq, əlbəttə ki, imkan xaricindədir.

Yaxşı, prezidentin də maraqlandığı sökülmüş binanın inşasına necə yol verilib? Vüqar Zeynalov ərazidən keçərkən o miqyasda tikinti aparıldığını görməyib? Görübsə, niyə bununla bağlı heç bir tədbirə əl atmayıb? Yəqin ki, bu sualların ritorik xarakterli olduğunu qeyd etmək artıqdır.

Çünki tikilən o bina “qanunsuz” olsaydı, Vüqar Zeynalov buna bir dəqiqə belə dözməz, o saat Bakı Şəhər İcra Hakimiyyətini, Arxitektura və Şəhərsalma Komitəsini, Fövqəladə Hallar Nazirliyini (FHN) ayağa qaldırar, özünə yaxın media orqanlarının nümayəndələrini əraziyə tökərdi. Əgər bunu etməyibsə, deməli, Səbail Rayon İcra Hakimiyyətinin başçısı özü məsələdən xəbərdar olub, qanunsuz inşaata şərait yaradıb və tikintinin aparılmasına himayədarlıq edib.

Yeri gəlmişkən, Vüqar Zeynalov 44 günlük Vətən müharibəsindən bir müddət sonra paytaxtın “Tarqovı” adlanan ərazisində Türkiyə bayraqlarının yığışdırılması ilə də mənfi planda diqqət mərkəzinə düşmüşdü. İcra başçısı Türkiyə bayraqlarının yığışdırılmasının daha çox səs-küyə səbəb olmaması üçün Azərbaycan bayraqlarının da çıxarılmasına göstəriş verərək özünü “sığortalamağa” cəhd göstərmişdi. Xatırladaq ki, Vüqar Zeynalov o zaman bu addımı “yuxarı”ların tapşırığı ilə “əsaslandırmağa” çalışsa da, söhbətin hansı instansiyadan getdiyini açıqlamamışdı.

İcra başçısı, bəlkə, Səbail rayonu ərazisində qanunsuz tikiliyə də “yuxarı”ların göstərişi ilə icazə verdiyini iddia edərdi. Ancaq bu blef artıq işə yaramayacaq. Çünki bəhs olunan və sökülmüş qanunsuz tikili ilə əlaqədar prezidentin özü onu sorğu-sual edib.

Onu da qeyd edək ki, sözügedən tikili Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişilə sökülüb.

Ona görə də Vüqar Zeynalovun bu işin altından necə çıxacağı, ümumiyyətlə, çıxa bilib-bilməyəcəyi çox maraqlı görünür.

www.yenicag.az

1233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv