Seçici deputatını necə seçməlidir?

Seçki prosesinin ən maraqlı mərhələsi sayılan seçkiqabağı təşviqat dövründə seçicilər çoxsaylı namizdərlərlə qarşılaşır. Bəzi namizədlər onların qapılarına gəlir, görüşlər keçirir, hüzür yerləri, şadlıq məclislərində iştirak edirlər, müxtəlif vədlər verirlər, problemlərdən danışırlar, özlərini seçicilərə tanıdaraq səslərini qazanmaq istəyirlər. Bəzi namizədlər isə, daha çox social şəbəkələr üzərindən seçicilərlə təmas yaradırlar. Elələri də var ki, plakat və tərcümeyi-hal hazırlamaqdan başqa heçnə etmirlər. Son nəticədə, seçici çətin bir seçim qarşısında qalır: kimə səs verim? Hamısı seçicinin eşitmək istədiyini deyir, vədlər verir, seçildikləri təqdirdə seçicilərinin həyatını cənnətə çevirəcəklərini, problemlərini dərhal həll edəcəklərini deyirlər. Onlar arasında bəs necə seçim edilməlidir?

Səsvermə gününə 6 gün qalmış Siyasi Texnologiyalar Mərkəzi seçicilərə yardım məqsədilə “Namizədi seçərkən nəyə diqqət yetirməli” adlı təlimat hazırlayıb. Təlimat tövsiyyə xarakteri daşıyır və seçicilərə doğru seçim etməyə kömək göstərə bilər.

Beləliklə, seçim prosesində doğru qərar vermək üçün seçicilər aşağıdakı kriteriyaları nəzərə almalıdırlar:

1. Peşəkarlıq: Namizədlərin təhsili, iş təcrübəsi və əldə etdiyi nailiyyətlərinə diqqət edinvə 10 ballıq şkala üzrə qiymətləndirin. İdarəetmə, ünsiyyət, inandırmaq, problemlərin həlli və başqa bu kimi məsələlərin öhdəsindən gələ biləcəkmi? Bunlar üçün resurları varmı? Bu göstəricilərə görə ən üstün namizədə 10, qalanlarına bu sahədəki nailiyyətlərə uyğun olaraq aşağı ballar yazın. Deputatın siyasət, idarəetmə və digər əlaqəli sahələrdə təcrübəsi olması önəmlidir.
2. Seçki proqramıməqsədlər: Namizədlərin seçki proqramlarını (platformalarını) araşdırın. Orada yazılanlar sizin maraq və ehtiyaclarınıza uyğun olmalıdır. Verilən vədlərinreallığını qiymətləndirin. Yanaşmaya fikir verin. Deputatlıq iddiasında olan şəxs problemlərin həllini ümumi yox, konkret göstərməyi bacarmalıdır. Bu göstəriciyə görə də namizədləri 10 ballıq şkala üzrə qiymətləndirin.
3. Əvvəlki fəaliyyətreputasiya: Namizədlərin keçmiş fəaliyyəti və reputasiyasınıaraşdırın. Əvvəlki vəzifələrindəki nailiyyətləri nə olub? Onun əvvəlki fəaliyyəti deputatlıq fəaliyyəti həyata keçirməyə imkan verəcəkmi? Ola bilər ki, namizədlər arasında yaxşı jurnalist, bloger, və ya müəllim olsun. Müəyyən məsələləri bilsin, sosial şəbəkələrdə müzakirələr açıb fikir mübadiləsi aparsın və s. Bu, onlara sizə layiq deputat olmağa imkan verəcəkmi? Korrupsiya və digər qalmaqallarla əlaqəsi varmı? Bu göstəricilərə görə də namizədlərinizi 10 ballıq şkala üzrə qiymətləndirin.
4. Seçki kampaniyasına yanaşma: Namizədin seçki kampaniyasına yanaşmasına diqqət edin. Çap materialları, visual görüntülər, tədbirlərin təşkili nə səviyyədədir? Namizəd təbliğat kampaniyasına maliyyə ayırıbmı? Namizədin seçki kampaniyasına maliyyə ayırması tək onun maliyə imkanları barədə xəbər vermir. Bu, namizədin seçicilər və seçki prosesinə verdiyi dəyərin göstəricisidir. Bir çox hallarda, namizədin geniş maliyyə imkanlarına malik olması vacib deyil. Əsas məsələ, namizədin seçki prosesinə maliyyə və başqa resursları cəlb etmək imkanlarının olmasıdır. Namizəd deputat seçilərsə onun bu imkan və bacarıqları çox lazım olacaq. Qiymətləndirmə 10 ballıq şkala ilə.
5. Seçicilərlə iş: Namizədin seçicilərlə necə ünsiyyət qurduğuna fikir verin. O, ictimai həyatda aktivdirmi? Seçicilərin fikirlərini nəzərə alaraq fəaliyyət göstərirmi? Danışdıqları, müraciət etdiyi mövzular onu həqiqətənmi narahat edir yoxsa o bunlardan özünə xal, saytına və ya kanalına baxış sayı qazanmaq üçün istifadə edir? Qiymətləndirmə 10 ballıq şkala ilə.
6. Etik və əxlaqi prinsiplər: Namizədin şəxsi və peşəkar keyfiyyətlərini qiymətləndirin. O, əxlaqi və etik standartlara uyğun davranırmı və şəxsi dəyərləri sizin dəyərlərinizlə uyğundurmı?Tənqidə yoxsa təhqirə daha çox üstünlük verir? İstifadə etdiyi sözlərə nəzər salın. Sizin deputatınız siyasi vəzifə tutacaq, onun danışıq mədəniyyəti, sivil siyasi müzakirə aparmaq bacarığı olmalıdır. Qiymətləndirmə 10 ballıq şkala ilə.
7. Komandada işləməkliderlik: Namizədin komandada işləmək təcrübəsi varmı? Varsa, bu nə qədər səmərəli olub? Həmçinin, namizədin liderlik bacarıqları da deputatlıq fəaliyyətində olduğca lazım olacaq. Namizədinizin liderlik xüsusiyyətləri varmı? Ardınca insanları apara bilirmi? Qiymətləndirmə 10 ballıq şkala ilə.
8. Problemlərin həlli təcrübəsi: Problemlərdən danışmaq ən asan işdir. Demokratik cəmiyyətlərdə problemlər barədə açıq danışmaq artıq qəhrəmanlıq deyil. Sizin namizədləriniz də, yəqin ki, dairədəki problemlərdən danışır. Lakin, deputatlıq dövründə bu kifayət etməyəcək. Deputat tək problemlərdən danışmamalı, onları həll etməyi bacarmalıdır. Namizədinizin keçmişdə problemləri necə həll etdiyini öyrənin. Çünki, deputat olaraq onun əsas vəzifələrindən biri bu olacaq. Milli Məclis deputatlıq təcrübə toplamaq üçün yer deyil, ora hazırlıqlı insanlar seçilməli və seçicilərinin problemlərini həll etməyi bacarmalıdırlar. Qiymətləndirmə 10 ballıq şkala ilə.
9. Əlçatanlıq: Seçmək istədiyiniz deputatın əsas xüsusiyyətlərindən biri onun əlçatanlığıolmalıdır. Təbliğat dövründə namizədlərin hamısı seçildikdən sonra seçiciləri ilə mütəzəm görüşəcəklərini, onlar üçün əlçatan olacaqlarını qeyd edirlər. Buna nə dərəcədə əməl edəcəklərini bilmək üçün onların bundan əvvəlki fəaliyyətlərinə nəzər salmaq kifayət edər. Əlçatan olacaq deputat əvvəlki fəaliyyətində də insanlara əlçatan olur. Bu şəxs sosial şəbəkə profillərində aktiv olur, mütəmadi paylaşımlar edir, ünsiyyət qurur, ona ünvanlanan sualları cavablandırır. İctimai aktivdir, çoxsaylı tədbirlərdə iştirak edir. Ətrafına cangüdənlər yığıb hərəkət etmir. Qiymətləndirmə 10 ballıq şkala ilə.
10. Dəstək və Güvən: Namizədin müxtəlif ictimai qruplar, peşəkar təşkilatlar və ekspertlər tərəfindən dəstəklənməsinə diqqət yetirin. Bu,onun ictimai etibarını və güvənini göstərir.Qiymətləndirmə 10 ballıq şkala ilə.

Bu kriteriyalara uyğun olaraq dairənizdən namizədliyini irəli sürülən şəxslərin hər birini qiymətləndirin. Növbəti 5 ildə sizin problemlərinizi həll edə biləcək bir deputat seçmək istəyirsinizsə, şəxsi simpatiyalarınızı kənara qoymalısınız, bu göstəricilərə uyğun namizədə səs verməlisiniz. Deputat seçimi yalnız şəxsi maraqlarınızı deyil, həm də cəmiyyətin ümumi maraqlarını nəzərə alaraq verilən bir qərardır.

Siyasi Texnologiyalar Mərkəzi bütün seçiciləri 1 sentyabr tarixində seçki məntəqələrinə gedib layiqli namizədə səs verməyə dəvət edir.

COP29