“Seçki ərəfəsində kütləvi aksiyaların davamlı xarakter alacağını düşünmürəm” – ReAl təmsilçisi

“Rusiyada müşahidə olunan seçki prosesinin təkrarını Azərbaycanda görmürük”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri” çərçivəsində ölkədə siyasi proseslərin aktivləşməsi ehtimalını dəyərləndirən ReAl Hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Cəfərlinin fikrincə, cəmiyyətdəki mövcud atmosfer ölkədə hətta seçki dönəmində belə siyasi proseslərin fəallaşmasına zəmin yaratmır:

“Təəssüf ki, ölkədə seçki ab-havası hiss olunmur. Bildiyiniz kimi, paralel olaraq, Rusiyada da prezident seçkiləri keçirilir. Orada demək olar ki, hər gün ölkənin mərkəzi telekanallarında canlı yayımda seçkilərə yönəlik müxtəlif debatlar və müzakirələr təşkil olunur.

Həmin verilişlərdə prezidentliyə namizədlərin ya özləri, ya da onların təmsilçiləri proqramlarını təqdim edir, bu və ya başqa mühüm məsələyə dair mövqelərini xalqa çatdırırlar.

Qeyd edim ki, Azərbaycanla Rusiyanın siyasi sistemləri arasında ciddi bənzərlik var. Bununla belə, Rusiyada müşahidə olunan seçki prosesinin təkrarını Azərbaycanda görmürük. Yəni bizim telekanallarda seçkilərlə əlaqədar ictimai maraq doğuran müzakirələr təşkil olunmur.

Burada söhbət heç də sadəcə, təşviqat kampaniyasından yox, seçkilər və siyasi proseslərlə bağlı məsələlərin müzakirəyə çıxarılmamasından gedir.

Bizim seçkilərə gəldikdə isə namizədlərin qeydə alınması mərhələsi artıq bitmək üzrədir. Bundan sonra təşviqat kampaniyası mərhələsi başlayacaq, namizədlər öz platformalarını seçicilərə təqdim edəcəklər.

Proseslərin aktivləşməsi baxımından, bir sıra müxalifət təşkilatlarının bu dönəmdə başlatdıqları mitinq taktikasından danışmalı olsaq deyə bilərik ki, səsvermə gününə qədər daha bir aksiyanın keçirilməsi ehtimalı var.

Ancaq bundan sonra proses yenidən səngiyəcək. Bunun da əsas səbəbi cəmiyyətin seçki prosesinə marağının aşağı səviyyədə olmasıdır. Ona görə də kütləvi aksiyaların davamlı xarakter alacağını düşünmürəm”.

A. Zeynalov

COP29