Seçki koalisiyalarının İDEOLOJİ RƏNGARƏNGLİYİ: “Türkiyə tarixi də göstərir ki, ən vətənpərvər siyasi qüvvə…” – MÖVQE

“Sol-mərkəzçilər çox vaxt sosial-demokratiyaya və kommunist təmayülünə yönəlik olurlar”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində yaradılan seçki ittifaqlarının ideoloji müxtəlifliyindən danışan professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin hakimiyyətyönlü və müxalifətçi seçki ittifaqlarında müxtəlif ideologiyaların daşıyıcıları olan partiyalar var:

“Dünyada ən yayğın beş siyasi idologiya mövcud olsa da, spektrin əsas hissəsini onlardan yalnız üçü tutur: mərkəz, sağ-mərkəz və sol-mərkəz. İfrat sağ və sol ideologiyalar radikalizmin təzahürü olduğu üçün geniş yayılmayıb. Bu sırada Türkiyə də istisna deyil.

İdeoloji planda yanaşsaq görərik ki, Türkiyədə hakim AKP və onun əsas müttəfiqi olan MHP sağ-mərkəzçi partiyalardır. Eyni zamanda ana müxalifət statusu daşıyan CHP də sol-mərkəz təmayüllüdür. Seçkilərdə də əsas mübarizə bu siyasi qüvvələr arasında gedəcək.

Bununla belə, nəzər saldıqda görürük ki, Türkiyənin hakimiyyətyönlü və müxalifətçi seçki ittifaqlarında müxtəlif ideologiyaların daşıyıcıları olan partiyalar var. Türkiyə tarixi də göstərir ki, ən vətənpərvər, xalqı, milləti qoruyan siyasi qüvvə sağ-mərkəzçilərdir. Çünki sol-mərkəzçilər çox vaxt sosial-demokratiyaya və kommunist təmayülünə yönəlik olurlar.

Soldakı partiyalar öz platformalarında sağlam mövqe tuturlarsa, buna normal yanaşmaq olar. Lakin müxalifət koalisiyasında olan HDP Türkiyənin əleyhinə çıxan bölücü bir partiyadır və bu məqam, xüsusilə kəskin şəkildə özünü göstərir.

Amma ideologiyaları bir kənara qoysaq, deməliyik ki, Türkiyə seçkilərində Ərdoğanın qalib gəlməsi Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bunun səbəbinə gəldikdə isə 44 günlük müharibədə Türkiyənin və Ərdoğanın Azərbaycana dəstəyini xatırlamaq kifayətdir”.

A.Zeynalov