Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər seçicilərin diqqətini cəlb etmək üçün əsasən sosial problemlərin həllinə yönələn vədlər verir. İşsizlik, təhsil, səhiyyə və digər sosial məsələlər seçki kampaniyasında ön planda yer alır.
Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı, ilk dəfə bu yarışa qatılan, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var. Siyahıda işsizlər, təqaüddə olanlar, hətta xadimə kimi namizədlərin olması bu seçki kampaniyasını daha “rəngarəng” edir.
Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir.
Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Sumqayıt və Abşeron üzrə davam edirik.
43 saylı ikinci Sumqayıt seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Mirkişili Tahir Famil oğludur.
Bu seçki dairəsində namizədliyini Ağ Partiyadan irəli sürən partiyanın sədr müavini Abbaslı Nərmin İkram qızıdır. Sözügedən seçki dairəsində də adı tanınmayan şəxslər var. Belə ki, namizədliklərini öz təşəbbüsü ilə irəli sürən fərdi sahibkar Əlicanov Taleh Əkrəm oğlu, kinorejissor Rəcəbov Zaur Güləhməd oğlu, namizədliyini Musavat partiyasından irəli sürən pensiyaçı Cavadlı Cavad Adışirin oğludur.
44 saylı Sumqayıt üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş namizəd hazırda MÜTDA-da direktor müavini vəzifəsində çalışan Vəliyeva Mehriban Hidayət qızıdır. Bu seçki dairəsində də tanınmayan namizədlər yer alıb. Onlar namizədliklərini öz təşəbbüsləri ilə irəli sürən Mansurzadə Mansur Elxan oğlu, Şükürov Saleh Məhzun oğludur.
45 saylı Sumqayıt dördüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd hazırda Sumqayıt Dövlət Universitetində çalışan Hacıyev Naib İsmixan oğludur.
Bu seçki dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürən hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən Salmanova Səbinə Qədir qızı da yer alıb. Sözügedən seçki daiərsində namizədliyini ƏHD-dən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Qasımov Azər Məhərrəm oğlu da var.
46 saylı Sumqayıt beşinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan Akimova Elnarə Seydulla qızı da yer alıb. Bu seçki dairəsində namizədliyini özü tərəfindən irə sürmüş “365-ci qəzet”də müxbir kimi çalışan Məmmədov Rəşid Məmməd oğlu da yer alıb.
47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində namizədlərdən biri namizədliyini YAP-dan irəli sürən və hazırda Sumqayıt Dövlət Universitetində Kimya Kafedrasının müdiri vəzifəsində işləyən Mustafayev Musa Musa oğludur. Bu seçki dairəsində də tanınmayan bəzi adlara rast gəlmək mümkündür. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən və hazırda SMM kimi çalışan Nəzərova Sona Rəşad qızı, hüquqşunas Nəbiyev Emin Tofiq oğlu da var.
48 saylı Abşeron birincim seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda DOST İnklüziv inkişaf və yaradıcılıq mərkəzində direktor vəzifəsində çalışan Məmmədova Nigar Fikrət qızının adı siyahıda özünə yer tapıb. Bu seçki dairəsində də işləməyən xeyli namizəd var. Belə ki, namizədliklərini öz təşəbbüsləri ilə irəli sürmüş və hazırda heç bir yerdə çalışmayan Alıyev Yalçın Məmiş oğlu, Mikayılzadə Sevda Vasif qızı, namizədliyini AXP-dan irəli sürən İsrafilov Məzahir İsrayıl oğlu da yer alıb.
Mövzunu davam etdirəcəyik.