“Bu, sivil siyasi münasibətlərə uyğun addımdır”.
Bunu fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini açıqlayan müxalifət mənsublarının siyasi arenadan getmə ehtimalını şərh edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) rəhbəri Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, seçkilərdən asılı olaraq hər bir siyasətçi ya öz namizədini irəli sürür, ya da başqasının namizədliyini dəstəkləyir:
“Beynəlxalq praktikaya nəzər salsaq, bütün dünyada belə olduğunu müşahidə edərik. Bu, sivil siyasi münasibətlərə uyğun addımdır. Hansısa siyasətçinin proqramı daha güclü namizədin platforması ilə üst-üstə düşürsə, öz namizədliyini irəli sürməyib həmin şəxsin namizədliyini dəstəkləməsi normal haldır. Yəni özündən daha güclü olduğunu etiraf edən və namizədlik irəli sürməyən şəxsin siyasi səhnədən gedəcəyi yanlış fikirdir. Hətta həmin şəxslərin dəstəkləməsi daha məntiqli görünür, nəinki bəzilərinin dəstəkləyərək seçkiyə qoşulması”.
Nəsimi Ələsgərli