!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkidə uduzsaq, partiya sədrinin istefasını tələb edəcəm” – Sensasiyalı açıqlama

!Reklam – Yazi

maxresdefaultTural Abbaslı: “Nəticə əldə olunmadıqda sıravi üzv olaraq tələb edəcəyəm ki, Arif Hacılı istefa versin”

Niyaməddin Orduxanlı: “Düşünmürəm ki, majoritar seçki sistemində namizəd fərdlərin məğlub olmasına görə məsuliyyəti partiya lideri daşımalıdır”

Taleh Əliyev: “Seçkidə uğur qazanmayan partiya liderlərinin istefası Azərbaycan gerçəkliyində uğur qazandıracaq hal deyil”

Bəybala Əbil: “Ancaq şəffaf seçkilərdən sonra o məsələ barədə danışmaq olar”

Demokratiyanın oturuşduğu ölkələrdə seçkilərdə uğur qazana bilməyən partiya sədrləri ya istefa verir, ya da üzvlər rəhbəri istefaya göndərir. Azərbaycanda isə təəssüf ki, dəfələrlə seçki keçirilməsinə baxmayaraq, mütəmadi olaraq məğlubiyyətlə üzləşən partiya rəhbərlərinin məhz buna görə istefa verməsi hadisəsinə rast gəlinməyib. Qarşıdan parlament seçkiləri gəlir. Görəsən, bu seçkilərdə uğur qazana bilməyən partiyalar buna görə cəsarətlik nümayiş etdirib öz sədrlərini istefaya göndərməyə cəhd edəcəklərmi?

Müsavat Partiyası başqanlığına namizəd olan Tural Abbaslı Yenicag.az-a açıqlamasında seçki nəticələri uğurlu olmasa başqanın istefası məsələsini qaldıracağını söylədi: “Nizamnaməyə görə partiya başqanı neçə seçilirsə, onu həmin yolla da sədrlikdən çıxarma proseduru vardır. Siyasi etiket deyilən qaydalar var. Partiya bu və ya digər seçkidə bəlli bir müddətdən sonra nəticəyə nail ola bilmirsə, siyasi etiket tələb edir ki, istefa verib, yerini daha bacarıqlı insanlara verəsən. Odur ki, son iki il ərzində iki seçkidə iştirak edib hər ikisində də sıfıra yaxın nəticə əldə olunduğu halda, hazırkı başqanın postda daha 4 il oturmasını gözləməyin mənası yoxdur. Nəticə əldə olunmadıqda sıravi üzv olaraq tələb edəcəyəm ki, Arif Hacılı istefa versin. Bu məsələni nəticələrdən asılı olaraq qaldıracağam”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə düşünür ki, majoritar sistemli seçkidə fərdin məğlubiyyətinə görə məsuliyyətin partiya sədrinin üzərinə atılması doğru yanaşma sayıla bilməz: “Seçkidə nəticə hasil olunmasa sədrin istefasının tələb olunmasını əsassız və gülünc ittiham adlandırıram. Partiyanın seçkilərə fərdi qaydada qatılan namizədi qalib gələ bilmirsə, bunun məsuliyyətini partiya liderinin üzərinə yönəldilməsi gülünc bir iddiadır. Azərbaycanda seçkilər majoritar dairə üzrə keçirilir. Partiyanın qərarı ilə namizəd oldum. Partiya sədri Qüdrət Həsənquliyev də bütün cəhdi ilə çalışır ki, seçkidən qalib çıxım. Yəni partiya arxamdadır. Lakin qalib gələ bilmirəmsə, buna görə sədrin istefasını tələb etmək doğru yanaşma deyil. Düşünmürəm ki, majoritar seçki sistemində namizəd fərdlərin məğlub olmasına görə məsuliyyəti partiya lideri daşımalıdır. Seçki proporsional sistem üzrə keçirilsə və partiyanın baryeri aşa bilməməsi ortalıqda olsaydı, onda sədrin istefası fikrini hardasa müzakirə etmək olardı. Məğlubiyyətə görə günahı partiya liderinin üzərinə atmamalıyam”.

Ümid Partiyası icra aparatı rəhbəri Taleh Əliyev bildirdi ki, ancaq sivil seçkilər keçirildiyi təqdirdə, uğur qazana bilməyən partiya sədrinin istefası məsələsi gündəmə gələ bilər: “Adətən sivil ölkələrdə liderlərin cəmiyyət tərəfindən qəbul olunub-olunmamasının parametrləri kimi seçkilər qəbul edilir. Azərbaycan kimi ölkələrdə isə seçkilər adətən azad və ədalətli keçirilmədiyindən, siyasi liderlər ətrafında təşkilatlanan qurumların liderinin rəhbərlikdən uzaqlaşması elə həmin partiyanın sonu demək anlamına gəlir. Ona görə də hesab etmirəm ki, Azərbaycan kimi ölkələrdə seçkiləri uduzan müxalif partiya sədrləri istefaya getməlidir. Zaman-zaman ölkəmizdə belə ənənə olub ki, liderin təşkilatdan ayrılması ilə həmin siyasi qurumda böyük çökmələr baş verib. Ona görə də seçkidə uğur qazanmayan partiya liderlərinin istefası Azərbaycan gerçəkliyində heç də uğur qazandıracaq hal deyil. Azərbayan şəraitində həmin səbəbdən liderin istefası onun rəhbəri olduğu partiyanın deyil, digər siyasi təşkilat, daha çox da hakimiyyətin maraqlarına xidmət edən faktordur”.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil sualımızı müəmmalı çəkildə cavablandırdı: “Azərbaycan sivil ölkə deyil. İkincisi, burada şəffaf seçkilər də keçirilmir. Bunlar baş verdikdən sonra o məsələ barədə danışmaq olar. Ancaq Mirmahmud ağa kimi kişilərin rəhbərlik etdiyi partiyaların fəaliyyətindən narahat olmağına dəyməz”.

 

 

 

ELÇİN

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv