“ABŞ-dəki prezident seçkilərində prezidentliyə namizəd Donald Trampla Kamala Harrisin şansları 50/50-yə dəyərləndirilir. Hələlik üstünlük özünü büruzə vermir”.
Bu barədə Yenicag.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
O, Bakı vaxtı ilə bu səhər saat 5-də baş tutan Donald Tramp-Kamala Harris debatı ilə bağlı fikirlərini bölüşüb.
S. Hümbətov söyləyib ki, burada Trampın özünə görə əsasları var və o fikirləşir ki, onun fikirləri daha əsaslandırıcıdır, Harris isə öz fikirlərini dilə gətirir:
“Lakin Harrisin Trampdan yeganə fərqi odur ki, demokratların vahid namizədi ABŞ “dərin dövlət”inə daha yaxındır. Tramp isə daha çox biznes sahəsindən gələn adam olduğu üçün onun “dərin dövlət”lə ciddi əlaqələrinin olduğunu düşünmürəm. Hətta birinci dördillik prezidentlik dövründə də Trampa qarşı olan münasibət və onun bir prezident kimi izolyasiya edilməsi onu göstərdi ki, deməli, ABŞ “dərin dövləti” bir o qədər də Trampın seçilməsində maraqlı deyil”.
Politoloq vurğulayıb ki, Kamala Harris isə fərqli bir insandır və “köhnə qvardiya”nın içərisindən gələn, hökumətdə Co Baydendən də daha nüfuzlu olan bir şəxsdir:
“Hesab edirəm ki, mübarizə gedəcək və debatlar noyabr ayına qədər davam edəcək. Ona görə də indidən kimin qalib gələcəyini demək bəlkə də bir az qeyri-ciddi olacaq. Amma mənə elə gəlir ki, ABŞ “dərin dövləti” Harrisə daha çox dəstək göstərərsə, onun Trampı üstələmək şansı çoxdur. Çünki Bayden üzərində Trampın imkanları daha böyük idi, lakin Bayden geri çəkildikdən sonra Trampın şanslaır daha çox azalıb və Harrisin şansları artıb. Fikrimcə, bu seçkidə çox şey dəyişə və ABŞ tarixində ilk qadın prezident hakimiyyətə gələ bilər”.
Xatırladaq ki, sözügedən debatdan sonra CNN kanalının rəy sorğularında Kamala Harrisin 63%-lə Tramp (37%) üzərində qələbə qazandığı qeyd olunur. Lakin qeyd olunur ki, seçicilərin 55%-i Trampın iqtisadi mövzularda Harrisdən daha uğurlu olduğunu hesab edib və bu, Baydenlə debatdan sonra Trampın daha yüksək nəticəsi olaraq təsnif edilir. Bildirilir ki, yalnız 35% şəxs Harisin iqtisadi planını dəstəkləyib.
Rafi Müslümov