“Proseslər indiki kimi davam etsə, çox yaxşı olar”.
Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hazırki proseslər və rəqabət mühitinin necə formalaşacağından danışan REAL Partiyasından 33 saylı Xətai Birinci seçki dairəsindən namizədliyini irəli sürən Natiq Cəfərli deyib.
O qeyd edib ki, seçki kampaniyasının ilk mərhələsi olan namizədlərin qeydə alınması prosesini geridə qoyub.
“İmza toplama və təhvil vermə kampaniyası çərçivəsində heç bir problem yaşanmadı. Proseslər işgüzar qaydada gedir. İstər Dairə Seçki Komissiyası, istərsə də Mərkəzi Seçki Komissiyası kifayət qədər peşəkarcasına yaranan texniki suallara operativ olaraq, aydınlıq gətirir.
Əlavə olaraq, çox böyük rəqabət mühiti formalaşıb. Əsas məsələ qarşıdan gələn təbliğat-təşviqat kampaniyası çərçivəsində görüləcək işlərlə bağlıdır. Proseslər indiki kimi davam etsə, çox yaxşı olar. Eyni zamanda, namizədlər üçün mediada debatlar təşkil edilərsə, seçki prosesi daha maraqlı keçər”, – deyə o, bildirib.
Xatırladaq ki, 33 saylı Xətai Birinci seçki dairəsindən namizədliyini irəli sürən Natiq Cəfərlinin rəqibi Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında olan Əliyev Yengibar Sərraf oğludur.
Nəsimi Ələsgərli