“Növbədənkənar parlament seçkiləri elan ediləcəksə, biz o seçkilərdə iştirak etmək əzmindəyik”.
Müsavat Partiyasının başqanı Arif Hacılı Yenicag.az-a müsahibəsində ölkədəki seçkisonrası durumu dəyərləndirib.
– Arif bəy, Almaniyada müalicə olunan İsa Qəmbərlə birlikdə idiz. Müalicəsi necə keçdi, səhhətindəki problem tam aradan qaldırıldı?
– Deyə bilərəm ki, müalicə yaxşı keçdi. Faktik olaraq, ilkin müalicə zamanı yaranmış bütün fəsadlar aradan qaldırıldı. Müəyyən zaman kəsimindən, çox güman ki, bir neçə həftdən sonra İsa bəy özz fəaliyyətini tam bərpa edəcək. Əslində, səhhəti fəaliyyətini indi də bərpa etməyə imkan verir. Ancaq həkimlər ona bir neçə həftə istirahət etməyi məsləhət görüblər.
– İsa Qəmbərin Almaniyada müalicəsini kim təşkil etdi? Sosial şəbəkələrdə onun müalicə üçün Almaniyaya səfərini hakmiyyətin təşkil etdiyinə dair iddialar yayılıb…
– İsa Qəmbərin müalicəsi onun ailəsinin, dostlarınnın, yaxınlarının, Müsavat Partiyası strukturlarının yardımı ilə həyata keçirilib.
– Səfəriniz seçkisonrası prosedurların həyata keçirilməsindən sonraya təsadüf etdi. Yəni bu arada hökumətin tərkibi formalaşdırıldı, başqa addımlar atıldı. Ancaq müxalifət düşərgəsində yeni situasiyaya uyğun hərəkətlilik yoxdur…
– Hakimiyyətin legitimliyinin tanınması fikri ilə razı deyiləm…
– Xeyr, legitimliyi nəzərdə tutmuram. Demək istəyirəm, hakimiyyət seçkilərdən sonra etməli olduqlarını etsə də, müxalifət düşərgəsində hər hansı yeni təşəbbüs müşahidə olunmur…
– Əgər söhbətdən cəmiyyətdən gedirsə, cəmiyyət bu seçkilərin necə keçiridiyini bilir. Eyni zamanda, Azərbaycanın siyasi qüvvələri də hadisəyə adekvat reaksiya verdilər. Həmçinin ATƏT-in Müşahidə Missiyasının rəyində də əksər məntəqələrdə qanun pozuntusuna yol verildiyi əks olunub. Sadəcə, beynəlxalq birlik real vəziyyəti nəzərə alaraq, bundan sonra da hakimiyyətlə əməkdaşlığı davam etdirəcəyini bildirdi. Buna da təbii yanaşmaq lazımdır. Biz hesab edirik ki, Azərbaycanda azad seçkilər, demokratik azadlıqlar uğrunda mübarizə bundan sonra da davam etdirilməlidir. Əminəm ki, Azərbaycan cəmiyyəti öz arzu və istəklərini həyata keçirərək, ölkədə azad cəmiyyətin və hüquqi dövlətin yaradılmasına nail olacaq.
– Yenə əvvəlki sualıma qayıdıram ki, müxalifət tərəfindən hələ ki adekvat hərəkətlilik yoxdur…
– Biz də etməli olduğumuzu edirik. Bir daha deyirəm ki, Azərbaycan cəmiyyəti demokratik azadlıqlar uğrunda mübarizəsini davam etdirir və müxalifət qüvvələri də bu prosesin önündədir. Biz seçkilərlə bağlı real vəziyyəti yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq, seçkilərinn azad və ədalətli olmadığına dair mövqeyimizi bəyan etdik. Azərbaycan cəmiyyətinin bu prosesə qarşı etirazını təşkil etmək üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etdik. İndi də siyasi fəaliyyətimizi ölkədə azad cəmiyyət və hüquqi dövlətin yaradılmasına yönəltmişik.
– Müxalifət daxilində yeni formatların – həm də Müsavatın iştirakı ilə – yaradılmasına yönəlik hazırlıqlar var?
– Müsavat Partiyası ölkədə demokratik azadlıqlar uğrunda mübarizə aparan siyasi təşkilatlarla funksional əməkdaşlığın tərəfdarıdır. Bunun nümunəsi seçki kampaniyası dövründə göstərildi. Biz Milli Şura ilə birlikdə bir neçə kütləvi aksiya təşkil etdik. Əgər yenə də hansısa ümumi tədbirlərin təşkili zərurəti yaranarsa, o tədbirlər həyata keçiriləcək.
– Son günlər növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər intensivləşib. Bu ehtimalı necə qiymətləndirirsiz?
– Azərbaycan hakimiyyətinin cəmiyyətə sürpriz etmək imkanları qeyri-məhduddur. Təbii ki, əgər növbədənkənar prezident seçkiləri keçirildisə, heç bir zərurət və əsaslandırma olmadan növbədənkənar parlament seçkiləri nəinki bu ilin payızında, hətta yayda da keçirilə bilər. Biz əlbəttə ki, bunu nəzərə alırıq. Ancaq seçkilərdən əvvəl ölkədə demokratik islahatların aparılması zəruridir. Bura söz və ifadə azadlığının təmin olunması, seçki qanunvericiliyinin demokratikləşdirilməsi və digər məsələlər daxildir. Qeyd edim ki, ölkənin siyasi qüvvələri proporsional seçki sisteminin bərpasını, seçki komissiyalarının siyasi paritet əsasında formalaşdırılamsını və başqa zəruri dəyişikliklərin həyata keçirilməsinə tərəfdardırlar.
– Növbədənkənar parlament seçkiləri təyin edilsə, müxalifət qüvvələri effektli kampaniya apara biləcəklər, yoxsa yenə də “hazırlıqsız yaxalandıq” kimi bəyanatlar veriləcək?
– Mən bilmirəm, kimlər hazırlıqsız yaxalandıqlarını deyiblər. Biz heç vaxt belə bəyanat verməmişik. Müsavat hələ 2017-ci ilin əvvəllərində seçki islahatları ilə bağlı təkliflərini irəli sürmüşdü, növbədənkənar seçkilərin elan olunmasından təqribən bir ay əvvəl isə Seçki Qərargahını yaratmışdı. Yəni seçki prosesində iştirak etməyə tam hazır idik. O baxımdan, “Azərbaycan hakimiyyəti ölkə cəmiyyətini hazırlıqsız yaxaladı” söyləmək daha doğru olardı. Bu çərçivədə mövcud qanunvericiliyə zidd olan müəyyən addımlar da atıldı. Məsələn, seçkilərdən əvvəl seçici siyahıları dəqiqləşdirilmədi, Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılmadı. Ən əsası, cəmiyyətin seçkilərə köklənməsinə imkan verilmədi. Bir daha qeyd edirəm ki, Müsavat Partiyası öz fəaliyyətini hər zaman seçkilərə hazırlıq üzərində qurub. Növbədənkənar parlament seçkiləri elan ediləcəksə, biz o seçkilərdə iştirak etmək əzmindəyik. Bilirik ki, minimum səviyyədə belə demokratik seçkilər keçirilərsə, Müsavat iqtidar partiyasına çevriləcək. Əslində, biz 11 aprel seçkilərində də iştirak etmək niyyətindəydik.
Lakin Azərbaycan hakimiyyəti elə bir şərait yaratdı ki, bizim bu kampaniyada iştirakımız qeyri-mümkün oldu. Seçkiləri boykot etməyimizin əsas səbəblərindən biri hakimiyyətin müxalifətə seçkilərdə iştirak imkanı tanımaması idi. Parlament seçkilərində isə iştirak etməyə çalışacağıq. Müxalifətin seçkiləri boykot etməsi haqda iddialar əsassızdır. Konkret desək, seçkiləri müxalifət yox, hakimiyyət boykot edir. Söhbət artıq hakimiyyət tərəfindən seçkilərin saxtalaşdırılmasından yox, seçki prosesinin aradan qaldırılmasından gedir. Hakimiyyət çox çalışır ki, cəmiyyət istənilən seçkiləri ona aid olmayan bir proses kimi dəyərləndirsin və o da istədiyi nəticəni rəsmiləşdirsin.
– Qarşıdakı yaxın dövr üçün ölkədə siyasi açılım ehtimalı var?
– Bununla bağlı əvvəllər daha intensiv proqnozlar verilirdi. Hakimiyyətin siyasi açılıma getməsi çox arzuediləndir. Ancaq açığı, mənim buna inamım yoxdur.
A.Zeynalov