Seçkilərin ilkin nəticələri: Namizədlərdən razı qalanı da var, gözləyəni də

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, “ELS”-in açıqladığı nəticələrə əsasən, prezidentliyə namizədlər aşağıda göstərilən nisbətdə səs yığıblar:

İlham Əliyev – 82.71
Qüdrət Həsənquliyev 4.23%
Zahid Oruc 3.7%
Sərdar Cəlaloğlu 3.56%
Hafiz Hacıyev 2.01%
Araz Əlizadə 1.87%
Fərəc Quliyev 1.33%.
Razi Nurullayev 0.92 %

Açıqlanan nəticələri Yenicag.az-a dəyərləndirən prezidentliyə namizəd Zahid Oruc bu rəqəmləri qismən qəbul etdiyini deyib:

“Təbii ki, açıqlanan bu rəqəmlərlə rəsmi rəqəmlər arasında fərqin çox olacağını düşünmürəm. Bu nəticələrdən də görünür ki, İlham Əliyev müqayisəolunmaz fərqlə irəlidədir. Ondan sonrakı yerləri hansı namizədlərin tutduğunu isə rəsmi nəticələr açıqlandıqdan sonra biləcəyik. Gözləyək”.

Hafiz Hacıyev isə “ELS”-in nəticələrinə münasibət bildirməkdən imtina edib: “Onlar bu nəticələri açıqlayıblar. Ancaq mən o rəqəmlər haqqında heç nə demək istəmirəm. Rəsmi nəticələrin açıqlanmasını gözləyirəm”.

Qüdrət Həsənquliyevin Seçki Qərargahı isə “exit-poll”un nəticələrinə münasibət bildirməyəcək. Qeyd olunub ki, Həsənquliyevin Qərargahı az sonra rəsmi açıqlama yayacaq.

Razi Nurullayev də “exit-poll”un nəticələrini qəbul edir. Onun sözlərinə görə, əsas niyyəti seçkidə iştirak və öz platformasını xalqa açıqlamaq olub:

“Mən bacardığımı etdim, öz platformamı, proqramımı açıqladım. Çox arzu edirəm ki, bundan sonra siyasi münasibətlərdə barış olsun, kübar siyasət təşəkkül tapsın. Seçilən namizədlə işləməyə, əməkdaşlıq etməyə hazıram”.

Araz Əlizadə isə “exit-poll”un nəticələrinə lakonik münasibət bildirdi: “Mən bütün nəticələrlə razıyam”.

Prezidentliyə namizədlərdən Sərdar Cəlaloğlu və Fərəc Quliyevin “exit-poll”un nəticələrinə münasibətlərini öyrənmək mümkün olmadı.

Araz M.

COP29