Seçkilərin şərtləndirdiyi SİYASİ FƏALLIQ: “Vətəndaşların proseslərə marağını artırmaq üçün…”

“Demokratik hesab etdiyimiz bəzi Avropa ölkələrində səsvermədə seçicilərin cəmi 20-30 faizi iştirak edir”.

Bu fikirləri növbədənkənar prezident seçkilərində səsvermənin gedişini dəyərləndirən Milli Məclisin deputatı Tahir Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, vətandaşların siyasi həyata marağını artırmaq üçün proporsional seçki sisteminin bərpası effektli ola bilər:

“Bu gün mən də ailəmlə birlikdə 7 nömrəli Səbail seçki dairəsinin 4 nömrəli seçki məntəqəsində səs verdik. Vəhdət Partiyasının seçki qərargahında hazırlanmış müşahidəçilərimizin verdiyi məlumatlara görə, ölkə üzrə seçici fəallığı çox yüksəkdir.

Bununla yanaşı, seçki hüququndan istifadə etməyən bəzi vətəndaşlar da var. Həmin vətəndaşların seçkidə iştirak etməməsi iki amillə bağlıdır. Mən hesab etmirəm ki, bu, boykot niyyəti ilə bağlı olsun. Çünki həmin şəxslər əvvəlki seçkilərdə də iştirak etməyiblər və onların siyasi fəallığı həmişə aşağı olub. İkinci amil isə arxayınlıqla bağlıdır. Onlar öz namizədlərinin seçiləcəyinə əmindilər.

7 fevral seçkiləri çox böyük siyasi əhəmiyyət kəsb edir. Hər bir vətəndaş səsvermədə iştirak etməli və mövqeyini bildirməlidirlər. Bir sıra dövlətlərdə səsvermədə iştirak etməyənlərə cərimə və inzibati cəzalar tətbiq olunur. Bəzi demokratik hesab etdiyimiz Avropa ölkələrində səsvermədə seçicilərin cəmi 20-30 faizi iştirak edir. Azərbaycanda isə seçici fəallığı yüksək olduğu üçün belə cəzaların tədbiq olunmasına ehtiyac qalmır.

Ölkədə seçki fəallığını daha da artırmaq üçün təbliğat işlərini gücləndirmək lazımdır. Düşünürəm ki, vətəndaşların siyasi həyata marağını artırmaq üçün proposional seçki sisteminin bərpası effektli olacaq. Proporsional seçki sistemində vahid seçki dairəsindən partiyalara səs verilməsi siyasi təşkiilatların tanınmasına təsir göstərir və daha geniş kütlənin partiyalar ətrafında toplanmasına səbəb olur”.

Nuray Məmmədzadə

COP29