Seçkinin diqqətdən yayınan məqamları: Müzakirə edilməyən sürpriz nəticələr – FOTOLAR

9 fevral növbədənkənar parlament seçkilərinin ən çəkişməli, maraqlı dairəsi, şübhəsiz ki, 35 saylı Xətai III Seçki Dairəsi oldu. Bu dairədə eyni elektorata xitab edən, təxminən həmyaşıd, eyni cür mübarizə yolu keçən iki köhnə dost yarışırdı. Onlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadə, o biri “Yeni Müsavat” media qrupunun sahibi, jurnalist Rauf Arifoğlu idi.

Bu dairədə 14 namizəd vardı, lakin öncədən aydın idi ki, Milli Məclisin üzvü mandatı yuxarıda adı çəkilənlərdən birinə qismət olacaq. Mətbuat da bu barədə çox yazırdı. Lakin heç kəs 35 saylı Seçki Dairəsindən sürpriz nəticə gözləmirdi.

Sürpriz o vaxt olardı ki, mandatı Rauf Arifoğlu və ya İqbal Ağazadə yox, üçüncü biri qazanaydı. Bilindiyi kimi, elə olmadı. Seçki yarışı adları çəkilən şəxslərin arasında getdi və fevralın 9-da baş tutan səsvermədə rəsmi nəticələrə görə, R.Arifoğlu seçki birincisi oldu. Hazırda mediada və sosial şəbəkədə namizədlərin tərəfdarları, təəssübkeşləri arasında söz atışması davam edir. Qovğaya kənardan qoşulanlar, namizədlərə münasibətdə əks cinahlarda duranlar var.

Lakin 9 fevral seçkilərinin başqa sürprizləri fonunda 35 saylı dairədə baş verən hadisələr də, seçkidən sonrakı söz-söhbət də, uzun-uzadı polemika mövzusu olacaq mətləblər deyil. Bu seçkidə daha böyük maraq, daha gərgin mübahisə doğuracaq detallar var. Onlardan biri Milli Məclis üzvü seçilmiş hüquqşünas Erkin Qədirlinin parlamentə gedib-getməyəcəyi, öz mandatına sahib durub-durmayacağıdır.

Bu məsələ ətrafında da ikitirəlik var. Bəziləri E.Qədirlinin seçkidən öncə verdiyi vədə sadiq qalaraq parlamentə getməməsini lazım bilir, bir başqaları da onun qazandığı mandata sahib durmasını, MM üzvü kimi fəaliyyət göstərməsini məqsədəuyğun sayır. Açıq gözlə görünür ki, E.Qədirli ikiqat basqı altındadır.

Bu mövzu ətrafında fikir yürüdərkən yaxın tarixə qısa ekskursiya etmək lazımdır. E.Qədirli vaxtilə ALP sədri Lalə Şövkət Hacıyevanın və KXCP sədri Mirmahmud Mirəlioğlunun bənzər basqılar altında qalaraq MM üzvü mandatından imtina etdiklərini və sonradan onların bu addımına siyasi arena iştirakçıları arasında qara qəpiklik hörmət qoyulmadığını yadına salmalıdır və rasional qərar verməlidir. O, bu mandatı qazanarkən yalnız öz seçiciləri qarşısında cavabdehdir. Kimsənin onu dilindən tutması, onu basqı altına alaraq mandatdan imtinanı boynuna qoyması düzgün hərəkət deyil.

9 fevral seçkisinin daha bir sürprizi Erkin Qədirlinin partiya (“ReAL”) yoldaşı Natiq Cəfərlinin gözlənilmədən 26 yaşlı gənc bir qıza “uduzması”dır. Bəlkə də son illər ciddi populyarlıq qazanmış iqtisadçının başqa bir namizədə uduzması və ya uduzdurlması Azərbaycan reallıqlarını yaxşı bilənlərə təəccüblü görünməzdi. Lakin 26 yaşlı Səbinə Xasıyevanın “seçki triumfu” gerçəkdən də gözlənilməzdir və əslində geniş müzakirə olunmalı məsələ budur.

Məsələ ondadır ki, bu ölkədə S.Xasıyevayla eyni yaşlarda (25-30) və eyni statusda (gənc məzun) olan 100-200 min gənc var və Xasıyeva heç bir parametr üzrə onlardan artıq deyil. Onun nə bir siyasi fəaliyyəti olub, nə hansısa addımlarına görə “sosial media fenomeni”nə çevrilib. Gənc xanım sadə, təvazökar bir həyat yaşayıb, amma birdən-birə ölkənin tanınmış iqtisadçısına “qalib gəlib”. Necə? Hansı məziyyət və fəaliyyətinə görə? Onu digər deputatlığa namizədlərin içində fərqləndirən nə idi? Seçici onu başqalarından hansı keyfiyyətinə görə seçib ayıra bildi və məhz ona etimad göstərdi? Üzərində dayanılmalı, geniş müzakirə olunmalı məsələlər bunlardır.

Eləcə də Səbaildə Harvard məzunu, məşhur ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qalib gəlmiş Nigar Arpadarainin “triumf”u müzakirəlik sürprizlərdəndir.


Başqa sürprizlər də var. Məsələn, 30 ilin deputatı Madər Musayevin 7-ci dəfə deputat seçilməsi, əslində sürpriz nəticədir. M.Musayev bu 30 ildə parlamentdə cəmi bir dəfə danışıb, onda da “işverən” (rabotadatel) sözünün qanun layihəsindən çıxarılmasını istəyib, “alə, belə birtəhər çıxır e”, deyə dərin məzmunlu arqument səsləndirib.

Ən maraqlısı odur ki, parlament rəhbərliyi onun tövsiyəsinə əməl edərək “biədəb” sözü “işəgötürən”lə əvəz edib. Ondan başqa, Madər müəllimin Azərbaycan qanunvericiliyinə hər hansı bir töhfəsi olmayıb, öz dairəsinin “kölgədəki İH başçısı” kimi bir funksiya icra edib, öz biznesini çiçəkləndirib.


Veteran deputatlar Hadı Rəcəbli, Ziyad Səmədzadə və digərlərinin yenidən seçilməsi də sürpriz nəticələrdir. Çoxları gözləyirdi ki, təqaüd yaşına hələ 15-20 il öncə çatmış bu şəxslər “gəncləşdirilməsi” nəzərdə tutulan parlamentdə yer almayacaqlar.

Lakin elə olmadı, “köhnə”lərdən 82 nəfəri yenidən mandat aldı. Media və sosial şəbəkələr isə iki layiqli namizədin hansının daha layiqli olduğunu müzakirə edir. Əslində layiq olmayanların MM-ə düşməsi daha qızğınlıqla müzakirə olunmalıdır.

COP29