Seçkiyə qatılmayan partiya sədrindən ÇAĞIRIŞ: “Onlar öz namizədliklərini geri çəkməli və …”

“Sanki bələdiyyə seçkiləridir, 20-30 namizəd prezident olmaq istəyir”.

Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin sayının gözlənildiyindən daha çox olmasının səbəblərindən danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

MMP sədrinin sözlərinə görə, özünə hörmət edən siyasətçi reytinqi maksimum nöqtədə olan İlham Əliyevin qatıldığı seçkidə namizədliyini irəli sürməz:

“Həmin adamların seçkiləri sadələşdirmək istədiyi görünür. Qırx min imza toplamaq asan iş deyil. Onlar öz namizədliklərini geri çəkərək prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan etməlidirlər.

Çünki Qarabağı erməni işğalından qurtaran, ölkənin ərazi bütövlüyünü tam bərpa edən prezidentə gələcək proseslərdə dəstək olaraq Azərbaycanı xarici güclərin məkrli planlarından qorumaq lazımdır.

Həmin namizədləri kim tanıyır axı? Onların bəzilərin heç öz evində tanıyan yoxdur. Sanki bələdiyyə seçkiləridir, 20-30 namizəd prezident olmaq istəyir. Sadəcə, təəssüf hissi keçirirəm. Bütün namizədlərin geri çəkilərək İlham Əliyevi dəstəklədiklərini dünya ölkələrinə göstərmək lazımdır”.

Nəsimi Ələsgərli

COP29