!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səddam da bir vaxtlar yekə-yekə danışırdı...” - İran nəyə arxayındır?

!Reklam – Yazi

“Vəziyyəti gərginləşdirməkdənsə, problemin diplomatik həllini tapmaq üçün yollar axtarılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın bu gündən etibarən qüvvəyə minən İrana qarşı yeni sanksiyaları fonunda İslam Respublikası rəhbərliyinin əmin-arxayın bəyanatlarına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, İran hakimiyyəti düşdüyü vəziyyəti “uğur” kimi qiymətləndirməkdənsə, yaranmış gərginliyin aradan qalxmasına çalışmalıdır:

“Əvvəlcə bir məqama toxunum ki, ABŞ-ın sanksiyalardan sonra İranla ticarət əlaqələrini davam etdirəcək ölkələrə qarşı nəzərdə tutduğu güzəşt müvəqqəti xarakter daşıyır və cəmi altı ay davam edəcək.

Bu güzəşt siyahısına düşəcəyi gözlənilən Çin, Hindistan, Yaponiya və digər ölkələr ABŞ-la qarşıdurmaya getməmək üçün 6 ay ərzində İranla ticarəti dayandırmalı və yeni kanallar tapmalıdırlar.

Bəhs etdiyimiz güzəşt müddətinin tətbiqi təbiidir. Çünki məsələn, neft ehtiyacını əsasən, İrandan idxal hesabına təmin edən Yaponiya kimi ölkə alternativ mənbə tapmayana qədər birdən-birə sanksiyalara qoşula bilməz. O cümlədən də, adlarını çəkdiyim başqa ölkələr. O ölkələrin hansının İrana qarşı Amerika sanksiyalarına qoşulacağını qarşıdakı aylarda görəcəyik.

Sanksiyaların tətbiqindən sonra İran rəhbərliyinin heç nə olmayıbmış kimi davranması, nikbin bəyanatlar verməsi, hətta ABŞ-la mübarizədən qalib çıxdıqlarını bəyan etməsi çox absurd görünür.

İraqın devrilmiş prezidenti Səddam Hüseyn də vaxtilə özünü ABŞ-la mübarizənin qalibi kimi göstərir, yekə-yekə danışırdı. Təsəvvür edin, ABŞ təyyarələri Bağdadı bombalayır, Səddam isə hücumdan sonra çıxıb deyirdi ki, bu, Amerikanın növbəti məğlubiyyətidir.

İran rəhbərləri hazırda vəziyyəti daha real qiymətləndirməlidirlər. Vəziyyəti gərginləşdirməkdənsə, problemin diplomatik həllini tapmaq üçün yollar axtarılmalıdır. Əks halda, İran iqtisadiyyatı sarsıdıcı zərbə ala bilər”.

A.Zeynalov

www.yenicag.az

4033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv