“Sədərək”də dəhşətli yanğın – Helikopterlər qaldırıldı – 1 nəfər KTM-ə aparıldı, 9 nəfərə… – Yenilənir/VİDEO

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb.

***

Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

Hadisə yerinə helikopter də cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

“112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.

Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.

Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, 9 nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

***

08:36

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir./Report/