!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəfa tapacaqdı, öldü - Bizi zəhərləyən dərmanlar - ARAŞDIRMA

!Reklam – Yazi

Bu ilin əvvəlindən indiyədək 109 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib. Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında zəhərlənmə hallarının baş verməsini ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə deyil, həkim məsləhəti olmadan özbaşına dərman preparatlarının yüksək dozada qəbulu ilə əlaqələndirib.

Belə olan halda statistik açıqlama dərmanların keyfiyyət məsələsini gündəmə gətirir.

Həqiqətənmi bu qədər insanın zəhərlənməsinə səbəb dərman vasitələrinin yüksək dozada və özbaşına istifadəsidir?

Yenicag.az problemi araşdırıb.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla zəhərlənmə hallarının artmasında dərmanların keyfiyyətsizliyi amilini əsas gətirib:

“İlk növbədə zəhərlənmə faktı ayrıca araşdırılmalıdır. Bilinməlidir ki, xəstə dərmanın tərkibi nəticəsində zəhərlənib, yoxsa yüksək dozada qəbul etdiyinə görə. Dərmanların keyfiyyət parametrləri ilə bağlı çox ciddi şübhələr var. Məsələn, çox vaxt təyin olunan dərmanlar xəstəyə heç bir təsir göstərmir. Dərman bazarında vəziyyət ürəkaçan deyil. Bəzən xəstələr aptekdən aldığı dərmanı təsir etmədiyi üçün dəfələrlə qəbul edir. Bu da zəhərlənmə ilə nəticələnir. İnsan niyə yüksək dozada dərman qəbul etsin ki? Bunu ya özünəqəsd məqsədi ilə edə bilər, ya da dərmanın təsiri olmadığı üçün. Dərmanın təsir etməməsi özü də keyfiyyət parametri deməkdir. Əgər xəstə özünəqəsd məqsədi ilə deyil, təsiredici olması üçün yüksək dozada dərman qəbul edirsə, bu o deməkdir ki, dərmanın keyfiyyəti aşağıdır”.

A.Qeybulla çıxış yolunu da göstərib:

“Dərman maddələrinin dövlət reyestri olmalıdır, yalnız keyfiyyətli və dünyada tanınmış, Ümumdünya Səhiyyə Təşkilatının dərman reyestrinə daxil olan preparatlar ölkəyə idxal olunmalıdır. Yoxsa ki, fırıldaq, dələduzluq, insanları aldatma halları baş alıb gedir”.

Biologiya elmləri namizədi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məsələyə münasibəti belə olub:

“Azərbaycana keyfiyyəti aşağı olan dərmanlar gətirilir. Bu keyfiyyətsizlik daha çox dərmanların tərkibində təsiredici maddənin aşağı salınması ilə əldə olunur. Belə ki, dərman preparatlarının hazırlanması zamanı iki növ maddə istifadə olunur. Bunlardan biri təsiredici inqridientdir. Dərmanın qiymətinə təsir edən başlıca amil də elə budur. Azərbaycanda bir qayda olaraq təsirsiz dərmanlara rast gəlmək olur. Çünki işbazlar zavodlarda istehsalçı ilə danışır, dərmanın tərkibindəki təsiredici amili azaltmaqla dərmanın maya dəyərini aşağı salırlar. Pasiyentlər dərmanlardan istifadə zamanı onun təsiredici olmadığını görürlər. Preparatlar təsirsiz olduğundan onlardan təkrar-təkrar istifadə etməli olurlar ki, belə olan halda, zəhərlənmə baş verə bilər”.

Ə.Əliyev vaxtı keçmiş dərmanların da zəhərlənmə ilə nəticələndiyini bildirib:

“Bir neçə il əvvəl bir qrup işbaz saxlanıldı. Onlar vaxtı keçmiş dərmanları istifadəyə yararlılıq müddətinin tarixini dəyişdirərək, yenidən dövriyyəyə buraxmışdılar. Bu da zəhərlənmə faktlarına gətirib çıxarmışdı. Yəni bu da səbəblərdən biridir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev dərmandan zəhərlənmələrin səbəbini belə izah edib:

“Dərmandan zəhərlənmənin üç səbəbi var. Birincisi, həkim nəzarəti olmadan dərman qəbuludur. Xəstələr həkim məsləhəti olmadan özbaşına dərman qəbul edirlər. İkincisi, insanlar intihar məqsədi ilə yüksək dozada dərman qəbul edir, xəstəxanaya düşürlər. İntihar etdiyini gizlədir və həkimləri aldadırlar ki, bilmədən yüksək dozada dərman qəbul etmişəm. Üçüncü səbəb də dərmanların keyfiyyətsizliyidir. Bəzən insanlar preparatları istifadə müddəti keçmiş halda qəbul edir, yaxud da lazımi qaydada saxlanmasına əməl etmirlər.

Ümumiyyətlə, dərmanların keyfiyyətsiz olması ilə bağlı fikirləri qəbul etmirəm. Çünki Səhiyyə Nazirliyinin müvafiq idarəsi var. Xüsusi laboratoriyalarda dərmanların keyfiyyəti yoxlanılır və sonra dövriyyəyə buraxılır”.

Əli Əliyevin işbazların dərman istehsalçıları ilə danışıb, preparatların təsiredici gücünü aşağı salması ilə bağlı söylədiyi fikirlərə Musa Qulyevin cavabı belə oldu:

“Hansısa kustar üsulla dərman istehsal edən qeyri-qanuni sexlərdə bu mümkün ola bilər. Amma dünyamiqyaslı dərman istehsalçıları yalnız Azərbaycan üçün dərman hazırlamır ki, onlar da buradakı fırıldaqçıların sözü ilə iş görsün. Neqativ hallara rast gəlindikdə hüquq-mühafizə orqanları və dediyim kimi, Səhiyyə Nazirliyinin xüsusi qurumları tərəfindən nəzarət olunmalıdır və olunur da”.

Cəvahir

www.yenicag.az

6345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv