Səfər İmanov İnterpol xətti ilə axtarışa veriləcək

sefer imanovv 10 martBakı şəhər sakini Eynur Kərimova qarşı 170 min dollarlıq dələduzluq edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) cinayət işi qaldırılıb.

Bu barədə AzVision.az-a Eynur Kərimovun vəkili Adəm Məmmədov deyib.

Vəkil bildirib ki, faktla bağlı konkret şəxsə qarşı cinayət işi açılmayıb.

A.Məmmədovun sözlərinə görə, faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanovun təqsri sübuta yetirilərsə, onun məsuliyyətə cəlb olunması üçün İnterpol vasitəsilə axtarış elan ediləcək.

Qeyd edək ki, vətəndaş Eynur Kərimov 170 min ABŞ dolları məbləğində vəsaiti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini deyib.

S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib.