Səfir: “Beynəlxalq platformalarda Türkiyənin Azərbaycanı dəstəkləməsi əməkdaşlıq nümunəsidir”

“Azərbaycan və Türkiyə arasında münasibətlər qarşılıqlı inam və həmrəyliyə əsaslanır.”

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu fikir Azərbaycanın Ankaradakı səfiri Fuad Bağırovun “Daily Sabah” nəşrində dərc olunan məqaləsində deyilir.
“İyirmi beş illik müddətdə əldə edilən uğurların sonrakı illərdə də yüksələn xətlə davam edəcəyinə əminik” – F.Bağırov bildirib.

Səfirin sözlərinə görə, diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində ölkələr regional təhlükəsizliyin və sosial-iqtisadi, elmi və mədəni əlaqələrin həyata keçirilməsinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirib.

F.Bağırov qeyd edib ki, bu müddət ərzində davam edən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə 200 saziş imzalanıb və bu amil ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayında da əksini tapıb. O, həmçinin Bakı-Tbilisi-Ceyhan neft-qaz kəmərinin həyata keçirildiyini və bu layihənin Azərbaycan-Türkiyə münasibətlərində əsas istiqamət olduğunu xatırladıb.

Səfir hər iki ölkənin səyləri nəticəsində fəaliyyətə başlayan Cənub Qaz dəhlizi, eləcə də TAP və TANAP layihələrinin inkişafını vurğulayıb. F.Bağırov iki ölkəni birləşdirən və İpək Yolu layihəsini canlandıran Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də xatırladıb.

Azərbaycan və Türkiyə arasında münasibətlər qarşılıqlı inam və həmrəyliyə əsaslanır. Bu münasibətlər beynəlxalq meydanlarda da eyni əsasa malidkir” – səfir məqaləsində bildirib.

Diplomat müxtəlif beynəlxalq platformalarda milli maraqların qorunması üzrə iki ölkə arasında uğurlu əməkdaşlığı vurğulayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin dəstəyini əməkdaşlıq nümunəsi kimi xarakterizə edib.

Yeniçağ.Az