!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səfir məsələsinin şişirdilməsində Rusiyadakı antiAzərbaycan dairələrin rolu var” – Tofiq Zülfüqarov – Eksklüziv

!Reklam – Yazi

“Moskva Azərbaycanın bu addımını normal qarşılayır”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın Azərbaycana yeni səfir təyinatı ətrafında yaranmış vəziyyəti dəyərləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazirin sözlərinə görə, dəqiq məlumatın olmaması bu barədə konkret fikir bildirməyi çətinləşdirir:

“Bu məsələ haqqında dəqiq məlumat olmadığı üçün konkret nə baş verdiyini söyləmək çətindir. Səfir təyinatı ilə bağlı prosedur belədir ki, əgər bir ölkə digər ölkənin səfir təyinatına iki ay ərzində cavab vermirsə – bu, aqreman adlanır – deməli, həmin təyinata münasibət mənfidir.

Yenə deyirəm, bu məsələ haqqında məlumatlar ziddiyyətlidir. Bildirilir ki, Georgi Zuyevin namizədliyi bir neçə ay əvvəl irəli sürülüb və bəyənilib. O da deyilir ki, Zuyevin namizədliyi məsələsi ümumiyyətlə, müzakirə olunmayıb. Yəni bu haqda birmənalı informasiya yoxdur.

Bir çox ölkələrdə səfir təyinatı prezidentlə razılaşdırıldıqdan sonra həyata keçirilir. İndi dəqiq bilmirəm, Rusiyada bu prosedur necədir”.

Zülfüqarovun fikrincə, Rusiyanın səfir təyinatı texniki xarakterli məsələdir və iki ölkə arasında problemə səbəb olmayacaq:

“Rusiyanın səfir təyinatında Xarici İşlər Nazirliyi də öz təqdimatını verə bilər. Bildiyimiz kimi, adı hallanan Georgi Zuyev bu Nazirliyin Kadrlar Departamenti direktorunun müavinidir. Ancaq onun fəaliyyəti haqqında da elə bir məlumata malik deyilik.

Maraqlı məqamlardan biri də budur ki, Azərbaycanın Zuyevin namizədliyini qəbul etməməsi haqqında məlumatların yayılmasından sonra Rusiya tərəfi bu məsələyə rəsmi münasibət bildirməyib. Bu da onu göstərir ki, Moskva Azərbaycanın bu addımını normal qarşılayır – hətta o addımın nədən ibarət olduğu dəqiq bilinməsə də.

Fikrimcə, Rusiyanın səfir təyinatı iki ölkə arasında gərginliyə səbəb olmayacaq qədər texniki xarakterli məsələdir və öz həllini tapacaq.

Lakin nəzərə alaq ki, Rusiyada ikitərəfli münasibətlərin gərginləşməsində maraqlı olan və əsasən də, Xarici İşlər Nazirliyində cəmləşən dairələr mövcuddur. Hətta səfir təyinatı ilə bağlı məsələnin gərginləşdirilməsində bu dairələrin rolu olduğunu da istisna etmirəm”.

A. Zeynalov

www.yenicag.az

1924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv