Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “15 iyul” şəhidlərini anmaq üçün Bakıda təşkil olunan tədbirdə çıxış edib.
Yenicag.az xəbər verir ki, o, həmin gecənin tarixə silinməz iz qoyduğunu deyib:
“Gəldiyiniz üçün hər birinizə minnətdarlığımızı bildiririk. Bu gün burada şəhidlərimizi anırıq. Onları itirdiyimizə görə çox kədərliyik, eyni zamanda onları cənnətə göndərdiyimiz üçün sevincliyik, qəhramanlıqlarına görə qürur hissi keçiririk. Türk milləti həmin gün öz gələcəyinə sahib çıxdı. “15 iyul” bizim üçün bir milli dastandır. Bu dastanla nə qədər qürur duysaq, azdır. Bu çevriliş cəhdini həyata keçirənlər 40 ildən bəri gizli şəkildə təşkilatlanaraq hazırlıq görürmüşlər. Onlar sadəcə millətə yox, həm də İslam dinina xəyanət ediblər. Bu insanlar nə müsəlman idilər, nə də İslam dini ilə yaxından-uzaqdan əlaqələri var idi.
Millətimiz öz demokratiyasına sahib çıxaraq öz iradəsini bir daha bütün dünyaya sübut etdi. Bütün dünya bir daha şahid oldu ki, türk millətinin iradəsinə heç kim zəncir vura bilməz. Biz bu vətəni, bu milləti o şərəfsizlərdən hər zaman qoruyacağıq.
Həmin gecə şəhid olanlar arasında tanıdıqlarımız da var idi. Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Lakin mən xüsusilə Mahmud Coşkunsu barədə danışmaq istəyirəm. Çünki onun həyat yoldaşı azərbaycanlıdır. Nigar Coşkunsu bu gün Türkiyədə olduğu üçün tədbirimizə qatıla bilməyib. Bu ailə bir daha sübut edir ki, bu iki dövlətin vətəndaşları Türkiyə və Azərbaycan üçün canını verməyə hər zaman hazırdır”.