Səfirlər Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Cari ilin 13 oktyabr tarixində Səfir Polad Bülbüloğlu Monteneqronun Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Milorad Şçepanoviçi onun xahişi ilə qəbul edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə,həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Səfiri, ona diplomatik işində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin hazırkı durumu, onların daha da dərinləşdirilməsinin əhəmiyyəti və bunun üçün kifayət qədər potensialın mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkənin beynəlxalq səviyyədə sıx əməkdaşlıq edərək bir-birinə lazımi dəstək göstərməsi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, onun tarixi, hüquqi aspektləri və nəticələri, hal-hazırda isə ölkəmizin Dağlıq Qarabağ bölgəsində işğalçı dövləti sülhə vadar etmək üçün ordumuzun keçirdiyi hərbi əməliyyatlar haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Ermənistanın təxribatları, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərdəki yaşayış məntəqələrinin və mülki şəxslərin ağır silahlardan atəşə tutulması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi cinayətlər dinc əhali arasında xeyli sayda insan tələfatına səbəb olub.

Səfir qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki şəxsləri hədəfə alması və beləliklə də humanitar hüququ kobud şəkildə pozması beynəlxalq məsuliyyət yaradır və dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır.

Polad Bülbüloğlunun sözlərinə görə bugünkü vəziyyət məhz Ermənistanın BMT TŞ-nin müvafiq qətnamələrinə, beynəlxalq regional təşkilatlar
çərçivəsində qəbul olunmuş sənədlərin tələblərinə, ATƏT-nin Minsk Qrupu çərçivəsində on illərlə aparılan danışıqlar zamanı irəli sürülmüş təkliflərə və qrupa daxil olan həmsədr ölkələrinin status-kvonun qəbuledilməzliyi haqda çağırışlarına məhəl qoymadığına, eləcə də işğalçı dövlətin hazırki rəhbərliyinin məsuliyyətsizliyinə görə yaranmıb.

Milorad Şçepanoviç qəbula və verilən məlumata görə təşəkkür etmiş, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusilə vurğulayıb və əməkdaşlıq üçün hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29