“Səfirlərlə söhbət” – Filip Ştalderlə özəl müsahibə

Azərbaycanın mədəni həyatında səfirlərin rolu

“Arts Council Azerbaijan” QHT-nin “Səfirlərlə söhbət” layihəsi Azərbaycanla ölkəmizə akkreditasiya olunan diplomatik missiyalar arasında əlaqələrin möhkəmləndirilməsinə istiqamətlənib. Layihənin kuratoru “Yenicag.Ru — Новая Эпоха” onlayn analitik-informasiya qəzetinin nümayəndəsi Rüstəm Qasımovdur.

Yenicag.az İsveçrənin Azərbaycan və Tükmənistandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə müsahibədən bəzi məqamları təqdim edir:

– Cənab səfir, İsveçrə və Azərbaycan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Bura siyasət, iqtisadiyyat, turizm, təhsil və digər sahələr üzrə əməkdaşlıq daxildir. Bu gün isə biz mədəniyyət sahəsinə dair layihələr barədə danışmaq istərdik. Məsələn, ötən il Bakıya isveçrəli məşhur qraffiti-rəssam Stefan Bust səfər etdi və o, rəssamlar kvartalında maraqlı əsər yaratdı. Niyə görə siz Azərbaycana məhz qraffiti-rəssam çağırmaq qərarına gəldiniz?

– Bəli, biz müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çalışırıq. Mədəniyyət sahəsindən danışsaq, bu istiqamət üzrə bir çox maraqlı layihələr həyata keçirilib. “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov ilə danışıqlar apardıq və mədəniyyət sahəsində gələcək layihələri müzakirə etdik. Sizin də bildiyiniz kimi, bu təşkilat Azərbaycanda akkreditasiya olunmuş səfirliklər və diplomatik missiyalarla fəal əməkdaşlıq edir və müntəzəm olaraq incəsənətlə bağlı olan birgə layihələr reallaşdırır. Dadaş Məmmədov rəssamlar kvartalı yaradıb. Burada incəsənət adamları öz yaradıcılıq ideyalarını həyata keçirməkdə sərbəstdirlər. Ona görə də biz Bakıya bu layihədə iştirak edəcək qraffiti-rəssam çağırmağı qərara aldıq.

Məsələ burasındadır ki, Azərbaycandan öncə mən Yunanıstanda çalışmışam. Orada isveçrəli qraffiti-rəssamlarla bağlı layihə reallaşdırmışam. Ona görə də mənim bu sahədə təcrübəm və əlaqələrim var idi. Beləliklə, Bakıya Stefan Bustu dəvət etdik. O, Azərbaycan və Böyük Britaniyadan olan həmkarları ilə birlikdə rəssamlar kvartalında yerləşən “Art Villa” rəsm qalereyasında qraffiti əsər yaratdı. Lakin onun səfərində başlıca məqam H.E.Art ekoloji incəsənət layihəsində iştirak idi. Metal çəlləklər üzərində sənət əsəri yaradıldı.

– Sizcə, belə layihələr bu gün nə qədər vacibdir?

– Ümumiyyətlə, neft çəlləyi Azərbaycan üçün simvolik məna daşıyır. Belə ki, ölkə uzun illərdir ki “qara qızıl” ixracatçısıdır və enerji resursları onun iqtisadiyyatında mühüm rol oynayır. Dadaş Məmmədov istifadə olunmuş çəlləklərə başqa bir anlam yükləyir. Bu çəlləklər rəssamların əli ilə sənət əsərinə çevrilir. Bundan sonra onlar oturacaq, stol və s. formada yenidən istifadə oluna bilər. Hesab edirəm ki, bu kimi ekoloji layihələrin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, ətraf mühitə qarşı qayğı formalaşır, istifadə olunmuş əşyalar ikinci həyat qazanır. Necə deyərlər, tullantıdan sənət əsərinə. Mənim Bakıdakı igamətgahımda 2 artı-çəllək var. Biz ondan kokteyl stolları kimi istifadə edirik. Bu həm gözəl, həm də praktikdir.

– Bu yaxınlarda Müasir İncəsənət Muzeyində İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Azərbaycan-İsveçrə fotosərgisi baş tutdu. Bu layihənin ideyasının necə yarandığından bəhs edərdiniz…

– Bu İsveçrə səfirliyinin Müasir İncəsənət Muzeyi ilə ilk birgə layihəsi idi. Həmin layihə muzeyin direktoru Xəyyam Abdinov ilə apardığımız səmərəli diskussiyalar nəticəsində yarandı. Layihənin məqsədi hər iki xalqın adət və ənənələrini nümayiş etdirmək idi. Belə layihələr bir-birimizi daha yaxından tanımağımıza imkan yaradır. Nəzərə alaq ki, sərgini yalnız diplomatlar deyil, incəsənət adamları, sənət sevərlər, KİV nümayəndələri də ziyarət edir. Beləcə məlumat daha geniş kütləyə çatdırılır. Ona görə də hesab edirəm ki, birgə mədəni layihələrin reallaşdırılması İsveçrə və Azərbaycan mədəniyyət sahəsinin nümayəndələrini bir-birinə yaxınlaşdırır.

– Mədəniyyət sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırırsınızmı?

– Məsələ burasındadır ki, mədəniyyət sahəsində layihələr həyata keçirmək üçün təəssüf ki, maliyyə kvotası çox da böyük deyil. Odur ki biz bu kimi təşəbbüsləri maliyyə mənbəyi tapdıqda həyata keçirməyə çalışırıq. İdeya və layihələr kifayət qədər çoxdur. Məsələn, Bakıya bu ilin aprelində baş tutacaq “Frankofoni həftəsi”nə isveçrəli şanson ifaçılarını çağırmağı planlaşdırırıq.

Bu il mənim Azərbaycanda səlahiyyət müddətim başa çatır. Əminəm ki, həmkarımın mədəniyyət sahəsində layihələr reallaşdırmaqla bağlı çox sayda ideyaları olacaq.

– Cənab səfir, sizi tez-tez Bakıda keçirilən mədəniyyət tədbirlərində görmək mümkündür. Ölkəmizin mədəni həyatı barədə bir neçə söz deyərdiz…

– Əslində, mən incəsənəti sevirəm. Tələbə ikən “Cantonal Museum of Fine Arts”da bədii bələdçi olaraq çalır və belə pul qazanırdım. Bakının maraqlı mədəni həyatı var. Heydər Əliyev Mərkəzində, Müasir İncəsənət Muzeyində, YARAT Müasir İncəsənət Məkanı, Xalça Muzeyində və digər mədəni mərkəzlərdə rəsm sərgiləri və maraqlı mədəni layihələr həyata keçirilir. Mən bu məkanlara tez-tez baş çəkirəm. Və təbii ki, daima maraqlı tədbirlərin baş tutduğu “Art Tower” galereyası.

– Son olaraq, Bakı, xüsusilə şəhəri ilk dəfə gördüyünüz zaman onun arxitekturası sizdə necə təəssürat yaratdı?

– Mənim üçün İçərişəhərdə yaşamaq və çalışmaq çox qürurvericidir. Buranı əbəs yerə Bakının ürəyi adlandırmırlar. Köhnə şəhərdə olarkən, sanki keçmişə toxunursan. Burada hər bir daş öz tarixini danışmaq iqtidarındadır. Buranın qeyri-adi energetikası var. Ən təəccüblüsü isə odur ki, bu tarixi məkanın yanında böyük meqapolis qurulub. “Baku Crystal Hall”, Heydər Əliyev Mərkəzi, “Flame Towers” mənim çox xoşuma gəlir.

Qeyd edək ki, İsveçrənin Azərbaycan və Tükmənistandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə müsahibəni geniş şəkildə BURADAN oxuya bilərsiniz.