“Səfirliklər vətəndaşlarımıza qarşı soyğunçuluq edirlər” – Fazil Mustafa

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Fazil Mustafa viza üçün xarici ölkə səfirliklərinə müraciət edən şəxslərin əsassız yerə maliyyə itkisinə məruz qaldığını bildirib.

Yenicag.az xəbər verir ki, o, xarici ölkələrə səfər məqsədi ilə viza üçün səfirliklərə müraciət edən vətəndaşlarımızın rədd cavabı aldıqda ödədikləri böyük məbləğin geri qaytarılmadığına diqqət çəkib.

Fazil Mustafanın sözlərinə görə, səfirliklər bununla bağlı vətəndaşlara dəqiq şəkildə riskləri izah etməlidirlər:

“Azərbaycandan çox sayda vətəndaş müxtəlif məqsədlərlə xarici ölkələrə səfərə getmək istəyir. Bu məqsədlə səfirliklərə müraciət edirlər. Onların çoxu da bilir ki, viza müraciətinə rədd cavabı gələcək. Səfirliklər ilkin olaraq vətəndaşlardan böyük məbləğdə vəsait alsalar da, sonra rədd cavabı verirlər və aldıqları pulu geri qaytarmırlar. Hesab edirəm ki, bu vətəndaşlarımıza qarşı soyğunçuluqdur. Bu məsələni qaldırmaq lazımdır ki, səfirliklər bizim vətəndaşlar onlara müraciət edərkən, rədd cavabının mümkünlüyünü onlara dəqiq şəkildə izah etsinlər. Vətəndaş da bilməlidir ki, o viza üçün pul ödəməyə dəyər, yoxsa yox”.

A. Zeynalov