Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirildi – BƏYANAT

Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib.

QHT-lərin müraciəti əsasında Agentliyin ofisində Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib.

Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqaməti üzrə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan çəkinmir. Son günlər səfirliklərə qarşı təcavüzdə ermənilərin növbəti iyrənc əməllərinin nümunəsidir. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Sonra çıxış edənlər qeyri-hökumət təşkilatlarının sədrləri – Rauf Zeyni, Radə Abbas, Tofiq Əli-zadə, Nüşabə Məmmədova, Təranə Hüseynova, Samir Adıgözəlov, Vəli Əlibəyov, Vüqar Qədirov, Mehriban Abdullayeva, Cəsarət Hüseynzadə, İlahə Əliyeva bildiriblər ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Hər birimiz bu sahədə aktiv olmalı, dövlətimizin yanında olaraq bütün dünyaya bu vəhşilikləri çatdırılması istiqamətində təbliğat aparmalıyıq.

Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və bu istiqamətində görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb.

Sonda Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən  törədilmiş  vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI səsləndirilib.

BƏYANAT

Biz – Azərbaycanın QHT-ləri olaraq Azərbaycanın xarici ölkələrdəki (Fransa, Livan) diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkələrdəki  erməni diasporunun radikalları tərəfindən törədilən hücumları və  vandalizm aktlarını kəskin şəkildə  pisləyirik. Özündə  terrorizm elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də beynəlxalq cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Qeyd etmək istəyirik ki, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd-1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya nüfuzuna xələl gətirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlara verilən reaksiya qaneedici deyil. Hadisələrin üzərindən bir neçə gün keçməsinə rəğmən təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlar yetərli açıqlamalar vermirlər, hadisələrin törədicilərini cəzalandrmırlar.

Bizlər – Azərbaycan QHT-ləri olaraq erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləməklə yanaşı,  müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Qanunun aliliyi prinsipini rəhbər tutaraq  radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, Azərbaycan səfirliklərinə hücumların məsuliyyətini bu ölkələr bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidirlər.

Bizlər, həmçinin, erməni icmalarının Azərbaycan səfirliklərinə hücum təşkil etdikləri ölkələrdəki QHT və KİV nümayəndələrinə müraciət edərək, proseslərə həssas yanaşmağa, baş verənlərə laqeyd olmamağa çağırırıq. Cinayət cəzasız qalarsa, başqa yerlərdə başqa formalarda da təkrarlana bilər.