Azərbaycanın Türkiyədəki Səfirliyi “Şuşa İli” çərçivəsində tədbirlər keçirməyə davam edir.
Yenicag.az xəbər verir ki, səfirliyin və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə kitab təqdimatı və konsert proqramı baş tutub.
Tədbir öncəsində Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini əks etdirən fotolardan ibarət sərginin və İrs Mətbuat Evi tərəfindən nəşr edilmiş kitab sərgisinin açılışı olub.
Hacı Bayram Vəli Universitetində təşkil olunan tədbirdə iştirakçılar Şuşa haqqında qısa film izləyib.
Səfir Rəşad Məmmədov və universitetin rəhbər heyəti çıxış edərək “Paşa Həyat Sığorta”nın dəstəyi ilə İrs Mətbuat Evi tərəfindən türk dilində çap edilmiş “Salam, Azərbaycan” və “Qarabağın qara kitabı” adlı kitabların türk ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətini qeyd ediblər.
İrs Mətbuat Evinin direktoru Musa Mərcanlı və Paşa Həyat Sığorta ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov çıxış edərək kitabların ərsəyə gəlməsi ideyası və prosesi barədə məlumat veriblər.
Professor Toğrul İsmayıl çıxışında kitablarda əhatə olunmuş mövzuları qeyd edib.
Tədbirin bədii hissəsində Universitetin konservatoriyasının musiqi qrupu və azərbaycanlılardan ibarət Şuşa qrupunun ifalarında zəngin musiqi proqramı təqdim olunub.