“Özünü sübut etməyə, başqa cür göstərməyə meylli olan gənclər isə əsas məqsədlərini unudub, əyləncə axtarmaq, asan yolla nəyəsə nail olmaq istəyirlər və buna sosial baxımdan əlverişli bir mühit yaranan kimi asanlıqla pis təsirlərə düşə bilirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında şəhər həyatının bölgədən gəlmiş gənclərə psixoloji təsiri barədə danışan psixoloq İlhamə Mustafayeva deyib.
Onun sözlərinə görə, gənclərin təhsil, iş və yaxud yeni həyata başlaması əlaqədar bölgələrdən yaxud kənddən şəhərə gəlməsi ən birinci adaptasiya müddətinə ehtiyac olan bir məsələdir.
“Adaptasiya asan məsələ deyil, bu zaman həm fizioloji, ekoloji, mənəvi-psixoloji, sosial-iqtisadi və sair faktorlardan asılı olaraq, bir stress faktoru var. Bu streslə necə mübarizə etmək və bu adaptasiya müddətini necə keçirmək çox vacib məsələdir. Əsas olaraq iqlim dəyişməsi, öz evindən çıxıb, tam yad bir mühitə düşmək sözlə öyrəşiləsi məsələ deyil. Sağlıqla bağlı problemlər, iqlim, hava, qida dəyişikliyi orqanizmə öz təsirini göstərir. Eyni zamanda, bu gənc üçün psixoloji cəhətdən adaptasiyanı keçirmək on qat çətin olur. Kənddən şəhərə yeni gəlmiş gənc hələ fizioloji və psixoloji olaraq tam yetişməmiş olur. O, xarici görünüşü-geyimi, kəndli olması ilə bağlı çox zaman utancaqlıq hissi keçirir”, – deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, bu prosesi normal keçirən gənclər də çoxdur.
“Onlar əsas məqsədlərinə yönəlik olurlar, həm də daha çox stresə dayanıqlı və psixoloji sağlam olduqlarından heç bir təsirə düşmür, əsas məqsədlərini həyata keçirmək üçün səy göstərirlər.
Psixoloji cəhətdən daha az dayanıqlı olan gənclər özünə qapanır, kompekslərdən asılı olur, məqsədlərini həyata keçirmə yönündə daha az fəal olurlar. Özünü sübut etməyə, başqa cür göstərməyə meylli olan gənclər isə əsas məqsədlərini unudub əyləncə axtarmaq, asan yolla nəyəsə nail olmaq istəyirlər və buna sosial baxımdan əlverişli bir mühit yaranan kimi asanlıqla pis təsirlərə düşə bilirlər. Buna görə də valideynlər çox diqqətli olmalıdırlar. Elə gənclər də var ki, onlar şəhərə gəlməyi valideynlərdən və kənddən qurtulmaq üçün edirlər. Bu gənclərin çox zaman məqsədləri sağlam olmur və asanlıqla kiminsə yeminə çevrilə bilirlər”, – deyə o bildirib.
İ.Mustafayeva vurğulayıb ki, asan yolla nəsə əldə edən gənc çox zaman bunun fəsadlarını görə bilmir və sonda qurbana çevrilir:
“Bu sahədə gənclər arasında maariflənmə çox aparılmalıdır ki, onlar müvəqqəti rifahları naminə kiminsə əyləncəsinə və qurbanına çevrilməsinlər. Şəhər bir çox kəndli gənc üçün əlçatmaz, çətin reallaşan arzu olduğundan onlar şəhəri ideallaşdırır və kəndi bəyənmirlər.
Əlavə olaraq, kənddə fiziki işlərin çoxluğundan daha rahat yaşamaq istəyirlər, elə buna görə də onların çoxu təhsili çıxış yolu olaraq görürlər. “Əsas universitetə qəbul olum kənddən canımı qurtarım”, “ağ günə çıxım” deyən gənclər ya qətiyyətli, sağlam məqsədi olan gəncdir, ya da “harasa girim, buradan gedim” deyən məqsədi sağlam olmayan gəncdir ki, məhz bu gənclər təsir altına tez düşə bilir, asan yollar axtarırlar. Kənddən çıxıb kəndini abadlaşdıran, kəndini layiqincə təmsil edib, ona hər tətildə qaçan gənclər də var, kəndini bəyənməyib maskalı həyatın parıltısına aldanan gənclər də var. Təcrübə göstərir ki, onlar çox zaman etdikləri əməllərdən peşman və günahkarlıq hiss edirlər”.
Psixoloq əlavə edib ki, gənc yaş dövründə onlar çox şeyin fəsadlarını görə bilmir, buna görə də sosial dəstək çox önəmlidir.
“Bəzən də onlar yerli insanların istehzalı baxışlarından da təsirlənə və qıcıqlana bilir. Buna görə də biz cəmiyyət olaraq şəhər və kənd ayrımı etməməliyik. Düşünürəm ki, məhz bu ayrı seçkilik gənclərdə çox qıcıq yaradır və onları dəyərsiz hiss etdirir. Xüsusi olaraq övladının hər hansı hərəkətlərindən şübhələnən valideynlər əsasən uşaqların kimlərlə dostluq etməsinə, hər hansı qruplara qoşulmasından xəbərdar olmalı, dərslərdəki aktivliyini nəzarətdə saxlamalıdırlar. Gənclərə keçici həvəslər naminə olan hərəkətlərin onlara gələcək həyatlarında ağır fəsadlar verəcəyi mütəmadi olaraq aşılanmalı və vaxtaşırı onlarla söhbət edib onları narahat edən məsələlər araşdırılmalıdır ki, yaranan boşluqalardan istifadə edən zərərli insanlar onların həyatını qaraltmasınlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi