Şəhid ailələri Hərbi Prokurorluğun qarşısında: “Bizi aldadıblar” – ETİRAZ / FOTO

Bu gün 44 günlük Vətən müharibəsində Murov istiqamətində şəhid olmuş və itkin düşmüş şəxslərin ailələri Azərbaycan Respublikasının Hərbi Prokurorluğun qarşısında aksiya keçirib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə polis cəlb edilib, daha sonra etiraz edən şəxsləri Hərbi Prokurorluqda məsul şəxs qəbul edib.

Prokurorluqdakı görüşdən sonra şəhid ailələri problemləri ilə bağlı açıqlamalar veriblər.

Şəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva onların hərbi hissə və Müdafiə Nazirliyi tərəfindən aldadıldığını deyib:

“Yoldaşım 20 ilə yaxın vətənə qüsursuz xidmət edib. Yoldaşımın Murovdağ Kəlbəcər istiqamətində Canavar postunun alınmasında şəxsi şücaəti olub. Bu araşdırmalarda da öz əksini tapıb.

Biz gözləyirdik ki, 26 iyunda İlkin, Vüsal və Rahibin adı gedib, onlara medal veriləcək. Ancaq məlum oldu ki, hərbi hissə bizi aldadıb. Yoldaşımın xidmət etdiyi N saylı hərbi hissədən deyirdilər ki, yoldaşınıza Vətən Müharibəsi qəhrəmanı adını göndərmişik. İndi isə açıq şəkildə deyirlər ki, göndərməmişik, sizə yalan danışmışıq.  Nizami Məmmədov, Taleh Şamilov bizə yalan danışıblar”.

Mayor Rzayev İlkinin qardaşı bildirir ki, o, N saylı hərbi hissənin döyüş hazırlığının rəisi olub. Şəhidin qarşdaşının sözlərinə görə, onları 9 ay ərzində aldadıblar:

“Mayor Nizami Məmmədov, polkovnik Taleh Şamilov bizi aldatdılar ki, İlkin Rzayevin, Vüsal Vəliyevin , Rahib Babayevin adı Vətən müharibəsi qəhrəmanı adına təqdim olunub. Təmkinlə, səbrlə gözlədik. Daha sonra məlum oldu ki, onların adları siyahıdan silinib. Qardaşım 20 il cəbhədə xidmət edib. Atam qazi idi, əmim qazidir. Vətən üçün bundan artıq nə etməliyik? Biz belə başa düşürük ki, bizim səsimizi prezident İlham Əliyevə çatdırmırlar”.

Murovdağ istiqamətindəki korpus komandiri general-mayor Xəqani Cəbrayılovun döyüşlər başlayandan bir neçə gün sonra vəzifəsindən azad olundu. Daha sonra həmin korpusa Azər Əliyev, Nizam Osmanov və Ənvər Əfəndiyev rəhbərlik etdi. Şikayətçilər bildirir ki, komandirlərin səriştəsizliyi orada döyüşən əsgər və zabitlərə qarşı ögey münasibət yaradıb. Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bildirir ki, korpus komandirlərinin səriştəsizliyinin cəzasını canını fəda edən şəxslər çəkib, indi də ailələri çəkməkdədir:

“Qardaşım həmlə taborunun komandiri olub. Ən çətin yüksəkliklərin azaz edilməsində iştirak ediblər. Qəhrəmanlıq göstəriblər. Bunu həmin hərbi hissənin komandiri də deyib. Lazım olsa səs yazısı ilə bunu sübut edə bilərik. Bizdə olan məlumata görə, İlkin, Rahib və Vüsalın Vətən müharibəsi qəhrəmanı adına göndərilən təqdimatını şəxsən yaxın günlərdə Quru Qoşunları komandanı təyin edilən Ənvər Əfəndiyev dayandırıb. Əgər orada uğursuzluq olubsa, niyə görə həmin vaxt korpus komandiri olan Azər Əliyev yüksək vəzifəyə – Əməliyyat Baş İdarəsinin rəisi təyin edilirdi?

Bizə özləri etiraf ediblər ki, orden və medalların üstündən Ənvər Əfəndiyev xətt çəkib.

Bizim şəhidlərin dəyəri bilinmir. Murov, Kəlbəcər istiqamətində döyüşənlərə qarşı ögey münasibət var. Bizim ailələrimizə də laqeydlik var. Bizi bir çox idarədə qəbul etmirlər. Mətbuat gələndən sonra bizi qəbul edirlər. Şəxsi heyət baş idarəsində bir general bizə dedi ki, Həzi Aslanov 70 il sonra orden alıb, niyə tələsirsiniz? Bizi ələ salırlar. Niyə görə Abdulla Qurbani, Vaqif Dərgahlı, Günay xanıma medal verilir, halbuki həmin şəxslər döyüşdə olmayıb, ancaq bizim son damla qanına qədər döyüşən qardaşlarımıza medal vermirlər?

Qardaşımın nəşini Şuşadan gətirdilər. Dedilər, qardaşın 9 noyabrda Şuşada şəhid olub. Digərlərinin nəşini Murovdan gətiriblər. Qardaşlarımızın nəşi 2 aydan çox vəhşi heyvanların qarşısında qalıb. Azər Əliyev, Ənvər Əfəndiyev onların nəşini ortada qoymamalı idi. Bu gün həmin şəxslər mükafatlandırıldılar. Ənvər Əfəndiyev, Azər Əliyev yüksək vəzifədə qalacaqlarsa, qapımızı döyüb bizdən əsgər istəməsinlər. Qardaşlarımızı güdaza verənlərə əsgər əmanət edə bilmərəm.

Müdafiə naziri Zakir Həsənovdan soruşuram, niyə görə, barəsində cinayət məcəlləsinin 342.2 maddəsi ilə cinayət işi açılmış Azər Əliyevi yüksək posta təqdim edib?

Murov hadisələrinə görə cinayət işi açılıb. Azər Əliyevlə Xəqani Cəbrayılovun adları həmin cinayət işində keçir. Ancaq bu gün həmin şəxslər yüksək posta təqdim olunur. Həmin vaxt döyüş meydanından yaralıları qoyub qaçıblar. O döyüşlərdən sağ çıxanların ifadələri var. Hərbi Prokurorluğa sorğu göndərib bunlarla tanış ola bilərlər. 9 aydır cinayət işi açılıb, ancaq heç bir nəticə yoxdur. Sadəcə olaraq bizim başımızı aldadırlar”.

Həsənov Elnur Paşa oğlu şəhid mayor Həsənov Elşadın qardaşıdır. O bildirir ki,  onlar cəzalandırılmalıdır:

“Bizi aldadıblar. Qardaşımgil ac-susuz döyüşüb. İndi etiraf edirlər ki, o vaxt şəhid ailələri ilə yumuşaq davranmağı tapşırmışdılar. İndi bizi insan yerinə qoymurlar. Şahidlərin danışdıqları var. İndi hara müraciət edirik, bizə cavabları belə olur: “Özünüz orada olub, görmüsünüz?” Bu, şəhid ailələrinin hissləri ilə oynamaqdır”.

Şəhid atası Şirəliyev İmran deyir ki, biz şəhid ailələrinə qarşı ancaq laqeydlik görürük:

“Əlimizə bir vəsiqə veriblər. Vallah-billah o vəsiqəyə baxanda adama gülürlər. Yalandan çxıb şəhid ailələrinə dəyər verdiklərini deyirlər, ancaq heç bir dəyər görmürük”.

Şəhid ailələri daha sonra Müdafiə Nazirliyinə gedib, nazir Zakir Həsənovla görüş tələb edəcəklər…

Səxavət Məmməd