Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Abşeron rayonunun Məmmədli kəndində də bir qrup şəhid ailəsinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara yeni mənzillər təqdim edilib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bununla da qeyd olunan kateqoriyalardan olan vətəndaşlara bu gün Bakının Qaradağ rayonunda və Abşeron rayonunda ümumilikdə 30 mənzil verilib.
Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara qayğı daim artırılır. Habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı işləri ildən-ilə gücləndirilir.
Nazir müavini deyib ki, ötən il bu kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdisə, cari ildə bundan 50 faizədək çox olmaqla 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq böyük əksəriyyəti artıq təqdim olunub. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7208-ə çatıb. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər uğurla davam etdiriləcək.
A.Kərimov ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların avtomobillə təminatı tədbirlərindən də bəhs edib. O bildirib ki, 2018-ci ildə 265 avtomobil verilibsə, bu il həmin insanlara 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb, onlardan da 500-ə yaxını artıq verilib. Qeyd olunan vətəndaşların indiyədək 6465 minik avtomobili ilə təminatı həyata keçirilib.
Tədbirdə 2019-cu il ərzində ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımlar diqqətə çatdırılıb. Cari ildə şəhid ailələrinə, müharibə əlillərinin təqaüdlərinin, ümumən əlilliyi olan şəxslərin müavinətlərinin də orta hesabla 100 faiz artırıldığı bildirilib.
Qeyd edək ki, bu gün Abşeron rayonunda mənzillə təmin olunan şəhid ailələri sırasında Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin ailəsi də var. Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil təqdim edilib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar daim qayğı ilə əhatə olunduqlarına və bu qayğının davamı kimi, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.