“Qafqazın Xirosiması”, “Ruhlar şəhəri”, “xaraba yurd”, “viranə” – hansı adı verirsinizsə, verin, hamısı Ağdama “yaraşar”.
27 il sonra ilk dəfə Ağdama ayaq basırıq. Evoğludan Ağdamın mərkəzinə doğru hərəkət edirik. Ağdam məscidinin yaxınlığına qədər 5 “val” (möhkəmləndirilmiş müdafiə xətti – Red.) sayıram. Təsəvvür edin. Ermənilər şəhər mərkəzinə qədər hər kilometrdən bir torpaq “val” tikib, səngərlər qurublar. Yəni Ağdamın mərkəzinə döyüşlə girmək üçün eyni eşalonun 5-ni keçmək lazım gələcəkdi.
Deyirlər, Ağdam bir güllə atılmadan işğaldan azad edildi. Məsələ ondadır ki, 44 gün ərzində erməni ordusu ilə müdafiədə dayanan Azərbaycan ordusu arasında hər gün döyüş gedib. Ağdamın işğalda olmayan ərazisinə minlərlə mərmi düşüb, yüzlərlə ev dağılıb, insanların əkin sahələri, mal-qarası tələf olub.
Döyüşlərin ilk günündən yazırdım, verilən suallara cavab verirdim ki, Ağdamdan hücum etmək dəlilikdir, intihara bərabərdir. Qarşı tərəfin o mövqelərini, müdafiə xətlərini görəndə nə qədər haqlı olduğumu anladım.
Getdikcə şəhərin mərkəzinə yaxınlaşırıq. Bir dənə də olsun salamat evə rast gəlinmir. Nəhayət, Ağdam məscidinə çatırıq. Şəhərdə qismən salamat qalan yeganə tikili məhz odur. Ağdamdan 5-10 yaşında çıxanlar üçün indi şəhərdaxili orientasiya məhz o məscid sayıla bilər.
Məscidə ayaq basmağa ürəyimiz gəlmir. Qarşısında bir qədər dayandıqdan sonra Ağdamın məhşur Çay Evini axtarmağa başlayıram. Bu anda mənimlə birgə Ağdama gedən dostum Kənan Kərimovun hönkürtüsünə ayılıram. Məscidin girəcəyində dizlərini yerə qoyub hönükürtü ilə ağlayır.
Məscidə daxil oluruq. Adi məsciddir. Hər daşı, daşın üzərindəki erməni əsgərlərinin ad-soyadı, xidmət tarixi göstərir ki, düşmən məscidə də divan tutulub. Minarəyə qalxırıq. Şəhəri dönə-dönə seyr edirik. Diqqətimi daha bir şey çəkir. Məscidə demək olar, bitişik ərazidə artilleriya qurğularının yeri görünür.
Ermənilər bizi yaxşı tanıdıqlarından bilirlər ki, biz məscidin ətrafını vurmayacağıq. Ona görə də, elə məscidə bitişik yerlərdə artilleriya qurğularını yerləşdiriblər. Məsciddən çıxdıqdan sonra yenidən Çay Evinin yerini axtarıram. Bəli, məhz yerini. Çünki bir vaxtlar adı dillər əzbəri olan o Çay Evi artıq yoxdur. Elə bil, o bina, ümumiyyətlə, olmayıb.
Axır ki, Çay Evinin yerini tapırıq. Bir vaxtlar öz quruluşu ilə çox orijinal tikili olmuş Çay Evindən tək dam örtüyünün bir neçə parçasının paslanmış dəmirləri qalıb.
Şəhər mərkəzindən çıxıb üzü Mantar dağı tərəfə hərəkət edirik. Yolun sağında Mantar dağı ilə üzbəüz Əhmədavar kəndi yerləşir. Məsələ ondadır ki, kənddən əsər-əlamət belə qalmayıb. Diqqətimi çəkən əsas məsələlərdən biri də dağılmış, məhv edilmiş evlərin divarları oldu.
Hansı evin divarında çay daşı və ya put daş olub, o divarlar yerində qalıb, yerdə qalaları isə yoxdur. Təbii ki, hamısı sökülüb, daşınıb. Əhmədavar kəndinin içərisində bir neçə həyət birləşdirilib, əkin sahəsinə çevrilib. Sahədə də bir daxma görünür. Yaxınlıqdakı daxmalardan bir neçəsinin içərisinə daxil oluruq. Hiss olunur ki, orada qarovulçu qalıb.
Hər daxmadan da eyni sarımsaq, çaxır və donuz yağının qarışıq iyi gəlir. Daxmadakı tüfəng güllələrinin çoxluğu da orada qarvolçunun yaşadığını təsdiqləyir. Əhmədavar kəndinin Pirlər (Xramort) kəndinə yaxın hissəsində nar və xurma bağları, üzüm plantasiyaları salınıb.
Xoramort kəndində ermənilər kompakt yaşayıblar. Ağdamı söküb, talan edib, oradan daşıdıqları materillarla kəndi xeyli genişləndiriblər. Ümumiyyətlə, əldə etdiyim məlumata görə, ermənilər Ağdamı təkcə özləri üçün sökməyiblər. Öyrəndim ki, hər evi tam şəkildə 200 dollara iranlılara satıblar… Ona görə də, iranlıların Ağdamdan kifayət qədər material apardıqları deyilir.
Mantar dağının ətəyindəyik. Şelli, Poladlı kəndləri… Məşhur Şelli narının dadına baxırıq. Şelli və Poladlı da digər kəndlər kimi sökülüb-dağıdılıb.
Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, bütün şəhid ailələri bir-birinə bənzəyir. Kasıb, uçuq-sökük daxma, qürurlu insanlar… Bax, Ağdam da o şəhid ailələrinə bənzəyir.
Darmadağın, yerlə-yeksan, ancaq qürurunu itirməyən əzəmətli məskən kimi…
(Ardı var)
Səxavət Məmməd
Foto və videolar müəllifə məxsusdur