Qarabağ müharibəsində şəhid olanların sığorta pulunun ödənilməsi hələ də öz həllini tapmayıb.
Bu gün 50-yə yaxın şəhid ailəsi Prezident Administrasiyasının qarşısında sığortaların ödənilməməsinə görə aksiya keçirib.
Yenicag.az-ın reportyor qrupu şəhid ailələrinin keçirdiyi aksiyadan reportajı sizə təqdim edir:
Əldə etdiyimiz məlumata görə, 876 nəfər şəhid ailəsinə 11 min manat sığorta pulu ödənilməsi barədə məhkəmə qərarı verilib. 876 nəfərdən cəmi 42 nəfərə 11 min manat tam şəkildə ödənilib. Bir neçə ailəyə isə 2-3 min manat ödənilib. Digər şəxslərə isə 2014-cü ildən bu günə qədər sığorta pulu hələ də ödənilməyib.
Sözügedən problemin həlli üçün şəhid ailələri Milli Məclisə, Nazirlər Kabinetinə, Prezident Administirasiyasına dəfələrlə mürəciət ediblər. Ancaq məsələ olduğu kimi qalmaqdadır.
Bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçirən şəhid ailələri ilə söhbət zamanı məlum olur ki, dövlət orqanları onlarla ötür-ötür oyunu oynayırlar.
Cabbarova Bəsurə bildirib ki, neçə illərdir şəhidlərinə veriləcək sığorta pullarını ala bilmirlər:
“Hər dəfə Prezident Administrasiyasının qarşısına gəlirik, müxtəlif bəhanələrlə bizi yola salırlar. 2004-cü ildən şəhid ailələrinə “qan pulu”nun verilməsi ilə bağlı proseslər başlayıb, 2014-cü ildə məhkəmə qərar verib ki, bizə 11 min manat verilməlidir. Ancaq o gün bu gündür biz həmin pulu ala bilmirik. 2014-cü ildə 42 nəfər şəhid ailəsinə “qan pulu” verildi, ancaq sonra proses dayandırıldı. Bir neçə ailəyə isə, cuzi məbləğ verilib. Məhkəmə qərarı var, ancaq icra yoxdur. 2017-ci il dekabr ayının 2-də Prezident Administrasiyasına gəldik. Bizə bildirdilər ki, şəhid ailələrinə çatacaq “qan pulu” ödənəcək. Bizi qəbul edənlərin bəziləri deyir ki, “ağlı vardı, gedib şəhid olmazdı”. Budur şəhidə hörmət? Bizə bildirdilər ki, yanvarın sonunda pul ödənəcək. Bu gün fevral ayıdır, ancaq yenə də heç bir ödəniş yoxdur. Ona görə də, Prezident Administirasiyasının qarşısına yığışmışıq.
25 ildir qardaşının nə ölüsü, nə də dirisini tapa bilməyən Mətanət Sultanovanın sözlərinə görə, illərdir qardaşını tapmaq üçün sürünüblər, indi də dövlət orqanları sığorta puluna görə onları süründürür:
“Milli Məclis, Nazirlər Kabineti və Prezident Administirasiyasının arasında qalmışıq. Ötür-ötür oyunu gedir. Bu günə qədər sığorta pulunu ala bilmirik. Dərdimizi kimə deyək, onu da bilmirik”.
Prezident Administirasiyasının mühafizə xidməti aksiya iştirakçılarına yaxınlaşaraq onlardan 3 nəfəri qəbul otağına dəvət edir. Ancaq aksiya iştirakçıları bildirir ki, ya hamısını birgə qəbul edəcək, ya da nümayəndə gəlib onlarla burada görüşəcək.
Ələkbərov Ziyadxan bildirir ki, həm atası, həm də qardaşı şəhid olub:
“Bizi süründürürlər. Milli Məclisə gedirik, göndərirlər Administirasiyaya, buraya gəlirik, göndərirlər Milli Məclisə. 2013-2014-cü ildən əlimizdə qətnamə idarə-idarə gəzirik. Əgər verə bilmirlərsə, desinlər, işimizi bilək”.
Aksiya iştirakçılarının narazılıq etməsində başlıca səbəb onlara qarşı ayrı-seçkilik edilməsidir. Belə ki, onlar son dövrlər şəhid olanların ailələrinə “qan pulu”nun dərhal ödənildiyini, 90-cı illərin şəhidlərinə qarşı isə biganəlik göstərildiyini qeyd edirlər.
Mehdiyeva Gülnaz şəhid anasıdır. Oğlu müharibədə itgin düşüb. İllərlə oğlunu axtaran Gülnaz xanım vəzifəli şəxslərin onlara yaxşı münasibət göstərməməsindən gileylənir:
“77 yaşım var. Oğlumun ya ölüsünü, ya dirisini versinlər. Onu tapa bilmirlər, heç olmasa sığorta pulunu versinlər. Mən də öləndə o pulla baş daşı qoysunlar, bilim ki, oğlumdan yadigardı. Məmurlar bizi görəndə elə bil qutuda ilan görürlər. Biz nə etmişik axı? Oğlum vətən yolunda şəhid olub, pis iş görüb? Əgər bu pis bir şeydirsə, desinlər səhvimi başa düşüm”.
Atasını 3 yaşında itirən Şükürov Emin bildirir ki, şəhid ailələrinə bu cür münasibət dövlətə, dövlətçiliyə böyük bir zərbədir:
“Bizə deyirlər ki, 90-cı illərdə bu işin arxasınca düşüb pulunuzu almalıydınız. Biz o zaman şəhidimizi qoyub pul arxasınca düşməli idik? Onlar bizi günahkar çıxarırlar. 2013-2014-cü ildən bu proseslər başlayıb. Dövlət Siğorta Kommersiya Şirkətini Binəqədi rayon məhkəməsinə vermişdik. Qərar çıxdı ki, hansı şəhid ailəsi sığorta pulunu almayıbsa, ona 11 min manat “qan pulu” verilməlidir. Qətnamədə vaxt qoyulub ki, 3 ay ərzində 11 min manat ödənməlidir. Artıq 4 ildir ki qərar icra edilmir. Dəfələrlə Prezident Administirasıyasının qarşısında olmuşuq, Milli Məclisdə olmuşuq, hamısı bizi “yola verib”. Necə olur ki, Avropa oyunları, Formula-1 keçirməyə pul tapılır, ancaq şəhid ailələrinə sığorta pulu verməyə pul tapılmır. 876 nəfərin əlində qətnamə var. Onlardan 42 nəfərin sığorta pulu ödənilib. Bizə deyirlər ki, proses gedir. Necə olur ki, şəhid ailəsinin banka borcu olanda məhkəmə onu icra edir, ancaq şəhid ailələrinə veriləcək sığorta pulu barədə icra yoxdur. Bizə nəinki güzəşt, heç hörmət qoymurlar. 2017-ci ildə qərarın icra edilməməsi ilə bağlı Avropa məhkəməsinə müraciət etmişəm. Kimə lazım idi ki belə bir məsələ Avropa məhkəməsinə qədər getsin? Məmurlarımız bizi bu addımı atmağa məcbur edir”.
Aksiya davam edir. Şəhid ailələri görəndə ki tələbləri yerinə yetirilmir, Prezident Administirasiyasının qarşısında “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ” kimi şüarlar səsləndirməyə başlayırlar. Bir neçə şəhid anası isə kənara çəkilərək ağlayır, göz yaşlarına boğulur.
Həyat yoldaşı müharibədə şəhid olmuş Səmədova Tahirənin sözlərinə görə, 24 ildir evsiz-eşiksiz yaşayır:
“4 bala ilə qalmışam küçələrdə. İndi 10 nəfərik. Kirəyələrdə yaşayıram. Məmurlar bizi ölkə başçısı ilə qarşı-qarşıya qoyur. Mənim torpağım ermənin əlindədir, həyat yoldaşım şəhid olub. Sabah müharibə olsa, 3 oğul göndərəcəm müharibəyə. Hansı üzlə mənim oğlanlarımı müharibəyə aparacaqlar? Məmurların arvadı bir dəfə mağazaya girib 11 min manat pul xərcləyib çıxır, ancaq mən 24 ildir 11 min manat gözləyirəm. Türkiyəyə, İrana baxsınlar. Görsünlər şəhidə necə hörmət qoyurlar. Mən onlardan pul istəmirəm, haqqımı istəyirəm”.
Dəfələrlə Milli Məclisdə olduqlarını deyən Bayramova Maya, millət vəkili Hadı Rəcəblinin təklifindən danışır:
“Yaşanan problemə görə bizi Milli Məclisdə deputat Hadı Rəcəbli qəbul etmişdi. Bizə bildirdi ki, büdcədə pul yoxdur. Ona görə də, siqaret və spirtli içkilərin qiymətinin qaldırılması barədə Milli Məclisdə təklif edəcəm, qiymətlər qalxacaq və oradan gələn gəlirlə şəhid ailələrinin sığorta pulu ödəniləcək. Nə onu deyəndə, nə də indi heç nə başa düşmədim. Siz başa düşdünüzsə, məni də başa salın”.
Sonda hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə prezidentin köməkçisi Fuad Ələsgərovun köməkçiləri şəhid ailələrini qəbul edir.
Şəhid ailələri ilə görüşən Əzizov Ceyhun bildirir ki, bu ilin iyununa kimi sözügedən məsələ öz həlini tapacaq.
Şəhid ailələri verilən sözdən sonra aksiyanı dayandırır.
Bu günə qədər dözənlər, iyun ayına qədər də dözəcəklər. Nəticəsi nə olacaq? Onu da yaşayarıq, görərik.
Səxavət Məmməd
Foto və video Cəmalə Əlizadə