“Şəhid ailəsi” statusu verilməyən şəhid qardaşı – Sənanın müraciətləri nəyə görə “tavandan asılı qalır”? – MÜƏMMA / FOTOLAR
Şəhid Əhmədov Səbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədov Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) şəhid ailəsi statusu almaq üçün müraciət edib.
Bu barədə Sənan Əhmədov Yenicag.az-a məlumat verib.
Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qanunvericiliyi əsas gətirərək onu şəhid ailəsi hesab etmir.
Yeri gəlmişkən, ƏƏSMN Sənan Əhmədova bir otaqlı mənzil təklif edib və şəhid qardaşı bununla razılaşmayıb.
Məsələnin detallarını Sənan Əhmədov bu şəkildə açıqlayıb:
“Məni dəvət etdilər ki, sənə bir otaqlı mənzil veririk. Əvvəl elə bildim şəhid ailəsi olduğum üçün bu addımı atırlar. Soruşduqda dedilər, yox, şəhid ailəsi sayılmırsan. Onda sual verdim ki, yəqin valideyn himayəsindən məhrum olub, SOS uşaq kəndlərində böyüdüyümüz üçün verirsiniz. Bildirdilər ki, o qurum Qeyri Hökumət Təşkilatıdır, ona görə də vermirik. Onda mən də bildirdim ki, mən bunları düşünərək iki otaqlı mənzil istəmişdim, amma siz bir otaqlı evi mənə yazığınız gəldiyi üçün verirsiniz. Məni dəvət edənlər dedilər ki, belə ağır danışma. Bu cavaba görə də verdikləri bir otaqlı evdən imtina etdim. Sonra da mətbuata açıqlama verdilər ki, guya iki otaqlı ev davası etmişəm. Bu yalandır. Mən yazıqları gəldiklərinə görə və yaxud səsimi kəsmək üçün verilən evi qəbul edə bilməzdim”.
Sənan Əhmədovun sözlərinə görə, o ailəlidir və himayəsində azyaşlı uşaq da var. Əslində ona məhz bir yox, iki otaqlı mənzil düşürdü. Qurumun məlumatı necə manipulyasiya etdiyi Sənan Əhmədovun dediklərindən aydın görünür:
“Özüm aprel döyüşlərinin iştirakçısı olmuşam. Pandemiyanın ağır vaxtı dəfələrlə müraciət etdim, mənə heç 190 manat ödəniş də etmədilər. Bundan əlavə dəfələrlə müraciət etdim ki, mənə sosial yardım versinlər, çünki həm kirayəyə pul verirəm, həm də ailəmi saxlayıram, özümün aylıq qazancım da çox azdır. O müraciətlərimə də “yox” cavabı gəldi. İndi mənə yazıqları gəlir”.
Sənanın bu günə qədər ƏƏSMN-nə etdiyi müraciətləri və şəhid ailəsi statusu üçün DOST-a müraciətini sizə təqdim edirik:
Səxavət Məmməd