Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
Haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Cavid Mirzəyevdir.
Tərcümeyi-hal:
Cavid Azər oğlu Mirzəyev 13 noyabr 1994-cü ildə Siyəzən rayonunun Gilçay qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanını uğurla verərək, Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirib, “leytenant” hərbi rütbəsi ilə xidmətini davam etdirib. Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Aparılan döyüş əməliyyatlarında iştirakı zamanı igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Cavid Mirzəyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mirzəyev Cavid Azər oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənddə şəhid olub. Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Sumqayıt24-ün əməkdaşı şəhidin anası Arzu Mirzəyeva ilə danışıb.
– Oğlunuz ilə bağlı xatirələrinizdən bəhs edərdiniz.
– Anadan olanda babası onun adını Cavidan qoymaq istəyirdi. Elə oldu ki, qardaşım sənəd alarkən adını Cavid yazdırdı. Həmişə deyirdi ki, “kaş adımı Cavidan qoyardınız”. Hər zaman atasına və mənə söyləyirdi ki, “ana, mən tarix yazacağam, mənimlə fəxr edəcəksiniz”. Sirrini heç kimə verməzdi. Həmişə hər şeyin yaxşı olduğunu deyirdi. Vətənini, torpağını, hər şeydən üstün tuturdu. İki bacının bir qardaşı idi. Onun alnına sanki şəhid olmaq yazılmışdı. Onun yoxluğuna dözmək çox çətindir.
– Cavidin hərbiyə marağı uşaq yaşlarından idi?
– Bəli, oğlumun hərbiyə hər zaman marağı olub. 44 günlük Vətən müharibəsində də iştirak edib. Şuşaya qədər döyüş yolu keçib. Hər zaman əsgərlərini qoruyub. Özünü odun-alovun içinə atıb. Gözündə qorxu olmayıb.
– Sonuncu görüşünüzdən danışardınız.
– Dörd il idi ki, xidmətdə idi. Sonuncu dəfə sentyabrın əvvəli gəldi, görüşdük. Ondan ayrılmaq istəmirdim. Ona sarıldım, sanki hiss etmişdim. Həmin günü heç vaxt unuda bilmərəm.
– Cavid son görüşündə sizə nələr söylədi?
– Bizə nə isə demədi. Yoldaşına deyib ki, “məndən şəhid qoxusu gəlir”. Sonra zarafat etdiyini bildirib. Bir il idi ki, evli idilər. Şəhidlik zirvəsinə ucalmasına bir gün qalmış yoldaşı Cavidə zəng edib, ata olacağı barədə müjdə verib. Amma oğlum ölvadının üzünü görə bilmədi, qucağına alıb qoxusunu ciyərlərinə çəkə bilmədi. Onun şərəfinə nəvəmə Cavidan Paşa adını qoyduq.
– Nəvəniz Cavidan Paşa atasına bənzəyirmi?
– Cavidan Paşadan Cavidimizin qoxusunu almağa çalışırıq. Oğlum övladını qucağına ala bilmədi, sevinci ürəyində qaldı. Torpaq ona ailəsindən daha doğma oldu. Cavidan paşamız atasına çox bənzəyir. Elə bilirəm ki, oğlum geri gələcək. Gözüm onu axtarır. O dünyada yəqin ki, görüşəcəyik.