Şəhid Siyahim Dəmirovun atası torpağa tapşırılıb.
Noyabrın 20-də 44 günlük Vətən müharibəsində şəhid olan Beyləqan rayonunun Əlinəzərli kənd sakini, XTQ kiçik giziri Siyahim Dəmirovun atası Əlizamin Dəmirov ağır xəstəlik səbəbindən vəfat edib.
Mərhumun dəfn mərasimində RİH başçısı aparatının əməkdaşları,rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Şəhidin atası Cərciz Peyğəmbər Ziyarətgahında torpağa tapşırılıb, ruhuna dualar oxunulub, ailə üzvlərinə başsağlığı verilib.
Xatırladaq ki, Şəhidin atası Əlizamin Dəmirov uzun müddət səhhətindəki problemlə bağlı müalicə alırdı. Bu yaxınlarda Beyləqan RİH başçısı Əziz Əzizov Əlizamin Dəmirovu evində ziyatət edib, səhhəti ilə maraqlanmışdı.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.Oktyabrın 29-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Cərciz Peyğəmbər Ziyarətgahında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Siyahim Dəmirov ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, ” Azərbaycan Ordusunun 100 illiyi” yubileyi ilə medalları təltif edilib./Musavat/