Şəhid atasından AÇIQLAMA: “Qanpulundan pay istəyən ailə hansı halallığı istəyir?!” – VİDEO

Bir neçə gündür ki, şəhid baş leytenant Fərrux Hüseynovun nişanlısının 8 ay sonra başqası ilə nişanlanması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusən də qızın nişanı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmayıb. Hətta əksər sosial şəbəkə istifadəçiləri təhqirə də əl atıblar.

Yenicag.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı şəhid Fərrux Hüseynovun atası ictimaiyyətə müraciət edib.

O, bildirib ki, qızın ailəsi onun şəhid oğluna hörmətsizlik etməklə yanaşı, şəhid üçün verilən qanpulundan da pay istəyiblər:

“Bütün hallarda qızın nişanlamasına görə onu təhqir etmək yolverilməzdir. Hər kəsdən xahiş edirəm ki, münasibət bildirərkən kimisə söyməsinlər, təhqir etməsinlər. Buna heç kimin haqqı yoxdur. Halallıq məsələsinə gəlincə, oğlumun nişanlısı cavan qız idi, ərə getməli idi. Amma şəhidə verilən üzüyü təzə bəyə vermək üçün bizdən istəyən ailə hansı halallığı istəyir?! Şəhidə verilən qanpulundan pay istəyən ailə hansı halallığı istəyir?! Bir cavan oğlanı o cür alçaldan ailə necə halallıq istəyir?! Bütün bunlarla yanaşı, toy edəndə bizdən hansı halallığı istədi?! Bu qədər, sağ olun”.

Qeyd edək ki, Fərrux Hüseynov Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı və Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, ikinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulub. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində noyabrın 9-da şəhid olub.

Gülşən Şərif