Şəhid general doğulduğu torpağa gətirildi – FOTO/VİDEO

Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə bu gün şəhadət mərtəbəsinə yüksəlmiş general-mayor Polad Həşimov doğulduğu Qəbələ rayonuna gətirilib.

Qeyd edək ki, Polad Həşimov Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulub.

Şəhidin cənazəsi ata ocağında böyük coşqu ilə qarşılanıb.

Cənazə namazının qılınması mərasimində minlərlə adam toplaşıb. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər, ehtiyatda olan zabitlər və rayon ictimaiyyəti iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı, şəhidin hərbçi yoldaşları çıxış edərək, onun 1992-ci ildən bəri keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda P.Həşimovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.

Generalın ailə üzvləri adından çıxış edən qardaşı İlham Həşimov və oğlu Davud Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb.

Sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb.

Şəhid Polad Həşimovun nəşi bu gün Bakıda İkinci Fəxri Xiyadanda torpağa tapşırılacaq.