Şəhid və qazi ailələrinə YARDIM ÖRNƏYİ: “Tək millət, Tək ürək” Platformasının hesabat konfransı keçirilib – FOTOLAR / VİDEO

Bu gün “World Business Center”də “Tək millət, Tək ürək” Beynəlxalq Humanitar Platformasının hesabat konfransı baş tutub.

Yenicag.az xəbər verir ki, nümayəndələrdən başqa, iş adamları və media nümayəndələrinin də qatıldığı konfransın açılış mərasimində çıxış edən deputat Ramil Həsən Azərbaycan və Türkiyə dövlətlərinin eyni millətin övladları kimi bütün sahələrdə daim bir-birinə sahib çıxdıqlarını bildirib. O, qeyd edib ki, hər zaman olduğu kimi, Qarabağ mövzusunda da Türkiyə Cümhuriyyəti bütün imkanları ilə Azərbaycanın yanında olub. Qardaş ölkənin dəstəyi Azərbaycan ordusunun qazandığı zəfərdən sonra da davam etməkdədir.

Millət vəkilinin sözlərinə görə, bu çərçivədə prezident İlham Əliyevin şəhid və qazi ailələrinə dəstək göstərilməsi ilə bağlı etdiyi çağırışa qoşularaq, xeyirxah, tarixi və xoşməramlı bir aksiyaya start verilib:

“Şəhid və qazi ailələrinə dəstək xarakterli “Tək Millət, Tək Ürək” şüarı altında həyata keçirilən layihə artıq 3 aydır ki, davam etməkdədir. Aksiyanın uğurla həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin və onun müvafiq qurumlarının, o cmülədən, Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Erkan Özoralın, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın iştirakı danılmaz faktdır. ”

Tək millət Tək ürək” Beynəlxalq Humanitar Platformasının həyata keçirdiyi aksiya çərçivəsində bu günə qədər Azərbaycanın 31 rayonunda 2000-ə yaxın şəhid və qazi ailələrinə hərtərəfli maddi və mənəvi dəstək göstərilib. Layihənin ölkənin rayonlarını əhatə etməsi nəzərdə tutulub”.

Ramil Həsən vurğulayıb ki, Platformanın digər layihəsi isə şəhid və qazi ailələrinin övladlarının Sivas Cümhuriyyət Univrsitetində təqaüdlə təhsil almaları ilə bağlıdır. Bu istiqamət üzrə artıq Türkiyə Cümhuriyyəti və müvafiq qurumlar tərəfindən addımlar atılıb və həmin universitetdə təhsil alacaq şəxslər müəyyənləşdirilib:

“Sivas Cümhuriyyət Univrsitetində təhsil alması üçün şəhid ailələrinin övladlarından 50 nəfər müəyyən olunub. Artıq 25 nəfər rəsmi şəkildə Universitetə qəbul edilib. Tələbələrin sosial sığorta daxil olmaqla, bütün xərcləri qarşılanacaq. Gələcəkdə isə 150-200 tələbənin Türkiyənin müxtəlif universitetlərində təhsil almaları üçün addımlar atılacaq”.

Hesabat konfrasında çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat isə öz növbəsində bildirib ki, 44 günlük Vətən Müharibəsində hər kəs öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirib. “Vətəni Vətən edən qandır” sözü deyilirsə, burada qan sözü boşuna işlədilmir. Bugünkü sabitliyimiz şəhidlərin fədakarlığı sayəsində təmin olunub. Buna görə Şəhid ailələrinə minnətdarıq və onlara Türkiyənin salamını çatdırırıq.

“Tək millət Tək ürək” Beynəlxalq Humanitar Platformasının həyata keçirdiyi aksiyanın əsas məqsədi şəhid və qazi ailələrinə dəstək olmaqdan ibarətdir. Bu baxımdan, təhsil almaq üçün Sivas Cümhuriyyət Universitetinə göndərilən tələbələrə orada həm atalıq, həm də analıq ediləcək.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi öz fəaliyyətində heç vaxt sırf madiyyata üstünlük verməyib. Bizim üzərimizdə tarixi və mədəni bir missiya var və biz bu fəaliyyəti davam etdirməyə çalışırıq. Ümid edirik ki, Universitetdə təhsil alan tələbələr Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına özünəməxsus töhfə verəcəklər”.

Hesabat konfransının davamında sözügedən layihənin həyata keçirilməsində könüllü olaraq yaxından iştirak edən Faiq Qurbanov, Saleh Tüfekçi, Necmeddin Taşbağ, Ali Güngör, Onur Arslan, Məshəti Xəlilova, Zümrüd Şahova, Lətif Mütəllibov, Ender Kavuk, Sinan Baydar və Selim Akbaya minnətdarlıq bildirilib.

Eyni zamanda, qeyd olunan fəaliyyətin həyata keçirilməsində yaxından iştirak edən Milli Məclisin deputatlarına, o cümlədən, Gəncə, Şəki, Xaçmaz, Qusar, Ucar, Ağdaş, Qobustan, Abşeron, Siyəzən, Şabran, Saatlı, Biləsuvar, Bərdə, Naftalan, Goranboy, Beyləqan, Salyan, Sumqayıt, İmişli, Şəmkir, Daşkəsən, Ağcabədi, Neftçala, Yardımlı, Suraxanı, Astara, Zaqatala, Balakən, Lerik, Göygöl, Daşkəsən və Lənkəran rayon icra hakimiyyətlərinin rəhbərliyinə təşəkkür ifadə olunub.

Konfransın yekununda aksiyaya dəstək verən şəxslərə deputat Ramil Həsən tərəfindən mükafat təqdim edilib.

Gülşən Şərif
Cavid Qacayev