Şəhid xanımı: “ Mənə dedi ki, qızların ikisini də o evdən gəlin köçürdərsən” – MÜSAHİBƏ

Haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də şəhid Yusif Xəlilovdur.

Tərcümeyi-hal:

Şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.

Vətəninə bağlı olan Yusif 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və tank komandiri vəzifəsinə kimi yüksəlib.
Şəhidimiz 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, Lələtəpənin alınmasında qəhrəmanlıq göstərib və həmin döyüşlərdə yaralanıb. Buna baxmayaraq o, ordu sıralarında qalır və MAXE kimi fəaliyyətini davam etdirir. Şəhid Yusif Xəlilov birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biri idi. O, ailəli idi və iki qız övladı var.

Cenublu.az saytının əməkdaşı şəhid Yusif Xəlilovun həyat yoldaşı Gülnarə Xəlilovailə danışıb.

Həmin müsahibəni təqdim edirik:

– İlk olaraq Yusif Xəlilovun həyat yolu haqqında məlumat verməyinizi istərdim

– Ailə quranda Yusif artıq hərbiçi idi. Sentyabrın 19-da şəhid oldu. On beş gün biz ondan heç bir xəbər tuta bilmədik. Yolunu ümidlə gözlədik. Yaralı olduğunu düşünürdük. Lakin oktyabr ayının 5-də şəhid olduğunu dedilər.

Yusifin şəhid olacağı ağlıma gəlməzdi. Deyirdim, bəlkə yaralı gələr. Amma özü sanki şəhadətə ucalacağını öncədən hiss etmişdi. O, sonuncu dəfə sentyabrın 18- də evə gəldi. Bizimlə görüşüb, getdi.

– Həyat yoldaşınızla sonuncu dəfə nə zaman danışmısınız?

– Sentyabrın 19-da dostunun telefonu ilə zəng edib dedi ki, “narahat olma, hər şey yaxşıdır”. Uşaqları mənə tapşırıb vidalaşdı. Telefon danışığımızdan 2-3 saat sonra şəhid olub.

Yusifin arzularından bəhs edərdiniz…

– Böyük qızını iqtisadiyyatçı, kiçik qızını həkim görmək istəyirdi. Bununla yanaşı, biz ev tikdirirdik. Mənə deyirdi ki, nə isə olsa, evi tikərsən… Dedim, sənə nə isə olsa, mən o evdə heç nə etməyəcəyəm. Cavabında “mənim arzularım hamısı o evdədir. Mənə nə isə olsa, qızların ikisini də oradan gəlin köçürdərsən” söylədi. Arzuları çox idi. Ev ilə bağlı o qədər arzuları var idi ki… Hətta otaqlarına kimi ayırmışdı. İndi mən onun qonaq otağı dediyi otağı onun üçün hazırlayıram. Uşaqları ilə bağlı arzuları çox idi… Hamısı yarım qaldı.

Şəhid Yusif Xəlilovun qızı Mələk Xəlilzadə ötən il bu günü atası ilə məktəbə getdiyini söyləyib:

“Atamla birlikdə biz məktəbə getdik. Sonra məktəbdən evə gələndə onunla oyunlar oynadıq, dərslərimizi etdik. Mən yenə də istəyərəm ki, atam evə gəlsin, mənim əlimdən tutub məktəbə aparsın. Həmişə dərslərimi yaxşı oxumağımı istəyirdi və gələcəkdə iqtisadiyyatçı olacağımı deyirdi. Mən atamın arzularını yerinə yetirib, gələcəyin iqtisadiyyatçısı olmaq istəyirəm”.

Video Telegram kanalımızda:

https://t.me/cenublu_az/6503

COP29