Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəhiddən sonra…

Şəhid Vüqar Arif oğlu Hüseynovun əziz xatirəsinə…

“O gün sonuncu dəfə yemək yedi bizimlə. Nə bilim, birdən-birə sanki üzünə nur enmişdi. Elə yaraşıqlı idi ki. Anam dedi ki, get şəkil çəkdir. Çəkdirmədi. “Şəkillərdə qalmaqdan qorxuram” dedi… Getdi. Gəlmədi. 26 ildir ki, yoxdur…”

Bunlar bir Şəhid bacısının sözləridir. Bilmirəm, bəlkə də mən belə xatırlayıram. Amma yox, dəqiq belə idi…

Mayın 16-da Şəhid ailəsinin könlünə qonaq olduq. Anamız qarşıladı bizi. 26 ildir ki, köksündə övlad acısını gəzdirən Ana. Şəhid Anası olmaq hər Anaya nəsib olan bir şey deyil, istəyərik ki, heç olmasın da… Fəqət neyləyəsən ki, qeyrət Vətəndə təcəlli edərkən hələ çox Anamız bu statusu qazanacaq, qürurlu və ürəyində heç kəsə tanış olmayan bir acıyla gəzəcək, dolaşacaq aramızda. Amma heç vaxt bizimlə olmayacaq, bizim yanımızda olmayacaq…

Hər gün acısını yaşayan ailə Şəhidindən: Ana oğlundan, bacılar qardaşından danışanda nəfəsim boğazımda düyünləndi, qəhər boğdu məni. Elə gözəl danışırdılar ki… Elə qürurla danışırdılar ki… Mən isə sadəcə susdum…

Şəhid Anası Ərəbova Sücaət

Susmaqdan başqa da heç bir şey edə bilməzdim. Bir sehrə qapılmışdım şəkillərin arasında. Şəkillər canlanırdı bircə-bircə. Rəqs edirdilər sanki, əl açıb oynayırdılar. Yaman gününə oynayırdılar şəkillər…

20 yaş nədir ki?! 20 yaş heç nədir, ancaq bu yaşa bir Ömür sığışdırmaq və ölümsüzlüyü qazanmaq Peyğəmbər mərtəbəsinə yüksəlməkdən başqa bir şey deyil…

“Torpaqlarımızda qızlarımızın başına min cür oyun açılarkən mən burada əli cibində, damağında siqaret necə gəzə bilərəm?” deyib onu yolundan daşındırmaq istəyənlərə Vüqar. Bu sözlər 20 yaşın sözü deyil axı. Ola bilməz…

Onun elə indi də 20 yaşı var. Ölümü yaşından böyükdür. 20 yaş: 26 ölüm yaşı. Qəribədir, yaşının üstünə yaş gəlir, 46 yaşın var, amma sən qocalmırsan.

“Bir qız sevirdi. Qrup yoldaşı idi. Gəncədə oxuyurdular”, – deyir Ana, gözləri dolur və davam edir ağlamsınlı səsilə: “Bilmirəm, o qız indi haradadır…”

Anacan, elə o qız da o yaşdadır, o da torpağın altındadır. Oğlunun ürəyində.

Amma dedim də sizə, Şəhid Anası, Şəhid bacısı olmağın qürurunu yaşayır ailəmiz…

Onları üzən şey isə tamam başqadır: Etinasızlıq.

Anamız deyir ki, bu 26 ildə qapımızı nə açan oldu, nə də bir soruşan ki, “Anam, necəsən?” Deyir, heç bir şey istəmirəm ki onlardan, nə pul, nə də bir şey… Sadəcə qapımı açsınlar, vəssalam.

26 ildə nələrlə qarşılaşmayıb ki o. Oğlunun qanlı paltarına işarə edərək “Bundan çox görmüşük!” deyən Vətən “oğulları” da olub, 3 “Məmməd” verdikləri halda sənədə 5000 yazanlar da. Can Ana! Bilirəm, sən qürurunu heç zaman kimlərinsə ayağının altına vermədin. Onu da bilirəm ki, bu gün sənin yaşadığın acının mənbəyi məhz bunlardır, Şəhidin yox. Ona qarşı olan kəmetinalılıq, Vətənində, yatdığı torpağın üstündə onun qanı bahasına rahat gəzib səni qəbul etmək belə istəməyən məmurlardır səni incidən, sinənə dağ üstünə dağ çəkən…

Amma üzülmə, Anam, üzülmə. Sənin səsin olacaq bizə yol göstərən! Sənin səsin olacaq bu gün onu eşitmək istəməyənlərin qulaqlarını batıracaq səs! Və sənin səsin olacaq bizi “İrəli!” deyə ruhlandıran səs! Üzülmə…

Aqil Bəkir

www.yenicag.az

3422